"3 yaşdan məktəbə başlamaq düzgün yanaşma deyil" – Ramin Nurəliyev

"Mən sizə bunu rahat şəkildə qeyd edim ki, bu heç də məntiqli və doğru yanaşma deyil. Bu uşaq mütləq uşaqlığını yaşamalıdır. Biz hər şeyi sadələşdirməyə çalışırıq. Yəni Avropa təhsilini, müasir texnologiyalarla inkişaf etmiş ölkələrin təhsil modellərini nümunə götürməliyik. Amma təəssüflər olsun ki, hələ də uşaqların üzərinə əlavə yük qoyan, onları yoracaq və gələcəklərini riskə atacaq fikirlər səsləndirənlər var. Yəni 3 yaşında uşağın orta məktəbə getməsi nə deməkdir? 3 yaşlı uşaq hələ bağçaya belə tam şəkildə uyğunlaşmaya bilər, valideyn nəzarətinə ehtiyac duyur. Elə uşaqlar var ki, bu yaşda hələ düzgün danışmaq bacarığı da tam formalaşmayıb. Biz belə uşağa məktəbdə nə öyrədə bilərik? Niyə uşaqları bu qədər yükləməyə çalışırıq? Niyə düşünürük ki, uşaq 3 yaşından təhsilə başlayarsa, gələcək karyerası daha uğurlu olacaq? Belə bir yanaşmanın haradan qaynaqlandığı da sual doğurur. Bəzi insanlar valideynləri 5–6-cı sinifdən, hətta daha erkən yaşlardan repetitor və hazırlıq kurslarına yönləndirməyin fəsadlarından danışsalar da, digər tərəfdən uşağın üzərinə daha da ağır yük qoyan təkliflər irəli sürürlər. Mən bunun qətiyyən əleyhinəyəm. İnkişaf etmiş ölkələrin təhsil sisteminə baxsaq, orada 3 yaşdan orta məktəb anlayışı yoxdur".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, son dövrlərdə təhsil mühitində diqqət çəkən müzakirələrdən biri də uşaqların məktəbə başlama yaşının azaldılması ilə bağlı səsləndirilən fikirlərdir. Bəzi müəllimlər hesab edirlər ki, müasir inkişaf tempi və uşaqların erkən yaşda öyrənmə qabiliyyətinin artması nəzərə alınaraq, məktəbə qəbul yaşı daha da aşağı salına bilər. Hətta 3–5 yaş aralığında uşaqların formal təhsil sisteminə inteqrasiyası ideyası da gündəmə gətirilir. Bu yanaşma bir tərəfdən uşaqların intellektual və sosial bacarıqlarının daha tez formalaşmasına şərait yarada biləcəyi kimi təqdim olunsa da, digər tərəfdən psixoloji inkişaf, oyun ehtiyacı və uşaqlığın təbii mərhələlərinin pozulması ilə bağlı narahatlıqları da artırır.

Ekspert qeyd edib ki, belə bir təklifin özü belə düzgün deyil.

"Çünki 3 yaşlı uşağı məktəb mühitinə daxil etmək onun psixoloji və fiziki inkişafına uyğun deyil. Onsuz da 3–5 yaşlı uşaqlar bağçaya gedir. Amma bağça məktəb deyil. Bağçada əsasən tərbiyəvi mühit, sosiallaşma və məktəbə hazırlıq vərdişləri formalaşdırılır. Məktəb isə tamamilə fərqli bir mərhələdir. Məktəb öyrətmək deməkdir. Uşaq onsuz da 5–6 yaşdan məktəbə hazırlıq mərhələsinə keçir və 6 yaşdan etibarən təhsilə başlayır. 3 yaşdan məktəbə başlamaq isə uşağın normal inkişaf ritmini pozar. Əgər 3 yaşdan məktəbə başlanılsa, bu uşaqlar çox erkən yaşda təhsili bitirmiş olar. Bu isə gələcəkdə sosial və psixoloji problemlər yarada bilər. Hətta erkən yaşda məktəbi bitirmək digər riskləri də ortaya çıxara bilər. Məktəb, universitet, hərbi xidmət kimi mərhələlər bir sistemdir və bunları qarışdırmaq olmaz. Hazırkı optimal model odur ki, uşaqlar 5–6 yaşdan məktəbə hazırlıq keçir və 6 yaşdan etibarən orta təhsilə başlayırlar. 12 illik təhsil sistemi də beynəlxalq təcrübədə tətbiq olunur və bu model müəyyən üstünlüklərə malikdir. Amma bu, təhsilə erkən yaşda başlamaq demək deyil. 12 illik sistemin üstünlüyü odur ki, uşaq 18 yaşına qədər məktəb mühitində qalır və daha yetkin şəkildə həyata qədəm qoyur. Lakin bu o demək deyil ki, uşaqlar 3 yaşdan məktəbə başlamalıdır. Bu, həm təhsil keyfiyyətinə, həm də uşağın inkişafına ciddi mənfi təsir göstərə bilər. Nəticə olaraq, 3 yaşdan məktəbə başlamaq kimi təkliflər nə elmi, nə də praktiki baxımdan düzgün deyil və uşağın inkişafına zərər verə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az