“Hər dövlət dostunu, hətta düşmənini belə özü seçir" - İranın Azərbaycana İDDİALARI

“İranın rəsmi mövqeyi hər zaman müstəqil Azərbaycan dövlətinə qarşı iyrənc kampaniyalar təşkil etməkdir“

Dünən İranın Ali dini lideri Ayətullah Xameneiyə bağlı radikal "Kayhan" qəzeti Azərbaycana qarşı təxribat xarakterli məqalə dərc edib. Qeyd olunub ki, Azərbaycanda sionistlər kibertəhlükəsizlik müəssisəsi yaradıb. Bu da Azərbaycanı kiberhücumların hədəfinə çevirəcək.

Xarici işlər naziri Ceyhun Bayramovun İrana rəsmi səfər etdiyi ərəfədə ölkəmizə qarşı təhdid xarakterli fikirlərin dərc edilməsi isə müəyyən suallar yaradıb.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, bu İran rəsmi orqanları tərəfindən Azərbaycana qarşı ilk belə hal deyil:

“İranın rəsmi mövqeyi hər zaman müstəqil Azərbaycan dövlətinə qarşı iyrənc kampaniyalar təşkil etməkdir. Həm rəsmi nümayəndələri sayılan mollalar, həm də İran generallarının Azərbaycanı hədəfə götürməsinə şahidlik edirik. Azərbaycan müstəqil xarici siyasət yürüdür və burada bütün ölkələrlə münasibət qurmaqda sərbəstdir. Hər dövlət özünün dostunu, müttəfiqini, hətta düşmənini belə özü seçir.

Lakin İran son 30 ildə bütün hallarda Azərbaycanın müstəqilliyini həzm edib, bununla barışa bilmir. Onlar Azərbaycana qarşı hədə dolu bəyanatlar verməklə, ölkəmizin zəiflədilməsini düşünür. Bu siyasət ənənəvi olaraq davam edir”.

Politoloqun sözlərinə görə, Ceyhun Bayramovun səfəri ərəfəsində bu cür məqalənin dərc olunması da təsadüfi deyil:

“İran həmişə Azərbaycanı İsraillə dostluqda ittiham edir və bu rəsmi şəxslər tərəfindən dəfələlərə dilə gətirilib. Lakin İrana sual vermək lazımdır, 30 il torpaqlarımızı işğal etmiş, məscidlərimizdə donuz saxlayan Ermənistana niyə açıq şəkildə dəstək verir?

Ermənistana bu gün ən böyük dəstək verən ölkə məhz İrandır.

Necə ola bilər ki, müsəlman ölkəsi, onun dinini təhqir edən, Xocalı kimi soyqırımı törədən ermənilərə bu günə qədər dəstək verir? Axı buna dinimiz də imkan vermir. Həmin o mollalar, generallar cavab versin ki, hansı mənəvi dəyərlərə uyğun olaraq, ermənilərə dəstək verirlər?