"Arsax XİN"in "yox" cavabı bizim üçün heç bir anlam daşımır - Millət vəkili

Azərbaycan Prezidenti Administrasiyasının Qarabağdakı hayların təmsilçilərini Bakıda keçirilməsi planlaşdırılan ikinci görüşə dəvətinə "Arsaxın Xarici İşlər Nazirliyi"nin "yox" cavabı bizim üçün heç bir anlam daşımır. Ona görə ki, hər bir ölkədə olduğu kimi Azərbaycanda da ancaq bir Xarici İşlər Nazirliyi var. "Arsaxın Xarici İşlər Nazirliyi" olsa-olsa, varlığına özlərinin də şübhə etdiyi hay kəşfidir.

Bir sözlə, bizim mövqemiz ortadadır, Prezident Administrasiyasının çağırışı o deməkdir ki, Qarabağdakı hayların təmsilçiləri reinterqasiya istəyirlərsə, buyurub gəlsinlər, onlara qapımız açıqdır. Əminəm ki, orada elələri var və sayları heç də az deyil. Çox keçmədən onlar səslərini çıxaracaqlar. Çünki Qarabağdan Ermənistana gedib-gələnlərin ancaq təzə Laçın yoluyla hərəkət edəcəkləri və deməli şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulacağı günə çox az qalıb. Yeni marşrutun tam işləməsi üçün Ermənistanda çəkilən 12 km-lik yol artıq hazır kimidir. Əgər haylar onun istismarını qəsdən gecikdirməyə çalışsalar, yenə fakt qarşısında qoyulacaqlar.

Bizimlə ancaq Volkovun kontrolu altında ünsiyyətə hazır olduqlarını bildirən separatçı ünsürlərə gəldikdə, maraqlıdır, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edəndə onlar hara getməyi planlaşdırırlar?

Sahib Alıyev

Millət vəkili