Sülh prosesində hərbi əsir faktoru: Girovlar geri qaytarılacaq - AÇIQLAMA

Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanın hərbçilərimizi saxlaması əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir.

Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin fonunda əsir düşmüş hərbçilərimizin geri qaytarılması mümkündür?

“Təbii ki, hərbçilərimiz geri qaytarılacaq. Bu, bütövlükdə beynəlxalq razılaşmalara, o cümlədən iki dövlətin münasibətini tənzimləyən əldə olunmuş anlaşmalara da ziddir”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib.

O qeyd edib ki, Ermənistan tərəfindən xüsusi performansla hərbçilərimiz girov götürüldükdən sonra qeyri-qanuni olaraq işgəncələrə məruz qalması ayrıca bir cinayət məsuliyyətidir. Bu hadisə münasibətlərdə ayrıca bir deformasiya yarada biləcək addım idi.

"Onlar bu addımları ilə böyük məğlubiyyət fonunda kiçik qələbəyə çevirməyə cəhd etdilər. Hərbi əsirlərə qarşı xüsusi qəddarlığın nümayiş etdirilməsi erməni cəmiyyətinə müsbət impluslar yaratmaq üçün verilmiş mesaj idi”, - deyə politoloq əlavə edib.

Ə. Əlibəyli sonda bir daha vurğulayıb ki, girovların qaytarılması məsələsi öz həllini tapacaq:

"Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan təklif etdi ki, girovları dəyişdirək. Azərbaycan tərəfi bununla razılaşmadı. Azərbaycan tərəfi bildirdi ki, hər tərəfdən iki şəxsi dəyişdirmək məsələsinə baxıla bilər. Onların uzun müddət əsirlikdə qalması indiki şəraitdə mümkün deyil. Hesab edirəm ki, bu məsələ həllini iki ölkə arasında olan danışıqlar prosesində tapacaq”.

Ayan Rzayeva