- Müşahidə məntəqəsi
- 31 İyul 2023 13:25
- 7 096
Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə inkişaf edir - Anar Məmmədov

Azərbaycan Prezidenti İlham Əliyev 28 iyul tarixində Azərbaycan Respublikasının Slovakiya Respublikasında Səfirliyi təsis edilməsi bağlı qanunu təsdiqləyib. Səfirlik Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşəcək.
Mövzu ilə bağı saytımıza danışan Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası işçi qrupunun rəhbəri, millət vəkili Anar Məmmədov bildirib ki, səfirliyin açılması ilə Azərbaycan-Slovakiya münasibətləri yeni müstəviyə keçir.
Millət vəkilinin sözlərinə görə, səfirliyin açılması Azərbaycan və Slovakiya arasında münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək və ikitərəfli əməkdaşlığın zəruri sahələrində mühüm qərarların qəbul edilməsinə imkan yaradacaq: "Bundan sonra iki ölkə arasında əlaqələr bütün sahələrdə ən yüksək səviyyədə qurulacaq".
A.Məmmədov qeyd edib ki, ötən illər ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. "Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir, Slovakiya və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər və strateji əməkdaşlıq səviyyəsi daha da yüksələcək".
Rəşid Qarayev