- Müşahidə məntəqəsi
- 31 İyul 2023 14:40
- 9 004
Xaçaturyanın həbsi erməni revanşist qüvvələri daha da hərəkətə gətirdi - Millət vəkili
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda prezident Rəcəb Tayyib Ərdoğanın da Ceyhun Bayramovu qəbul edəcəyi bildirilib.
“Azərbaycanın olmadığı yerlərdə Türkiyə Azərbaycanın sözünü deyir. Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyənin müdafiəsindədir. Bu hər zaman belə olub və gələcəkdə də belə olacaq”.
Bunu mövzu ilə bağlı saytımıza danışan millət vəkili Nəsib Məhəməliyev deyib.
O bildirib ki, son hadisələrlə bağlı Azərbaycan-Ermənistan sərhədində müəyyən gərginliklər davam etməkdədir.
“Laçın rayonu ərazisində sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başladığı gündən sonra ermənilər çalışırlar ki, o postun götürülməsinə nail olsunlar və sərhəddə istədiklərini edə bilsinlər. Ancaq Azərbaycan dövləti kifayət qədər güclüdür və öz sərhədlərinə özü nəzarət etmək imkanına malik olduğunu göstərdi. 19 avtomobildən ibarət karvanla humanitar yük adı altında başlatdıqları şou baş tutmadı. Maksimum çalışdılar ki, humanitar yük adı altında beynəlxalq ictimaiyyətdə bir rəy formalaşdırsınlar, Azərbaycan əleyhinə təbliğat aparsınlar və sülh müqaviləsinin imzalanmasının qarşısını alsınlar. Etiraf etməliyik ki, qismən buna nail oldular. Burada Rusiya sülhməramlılarının da “fəaliyyətini" qeyd etmək yerinə düşər. Çünki indiki halda nə qədər paradoksal da olsa, Qərblə Rusiya arasında çox ciddi fikir ayrılıqları var, hətta deyərdim düşmənçilik mövcuddur. Buna baxmayaraq erməni məsələsində bunlar bir növ həmrəylik nümayiş etdirirlər. Üstəlik Meşəli qatili Vaqif Xaçaturyan adlı bir caninin həbs olunması erməni tərəfindəki revanşist qüvvələri daha da hərəkətə gətirdi. Bunu da əllərində bayraq edən erməni daşnak millətçiləri maksimum beynəlxalq birliyi Azərbaycan əleyhinə yönəltməyə çalışır”,- deyə o əlavə edib.
Millət vəkilinin sözlərinə görə, bütün bu gərginliyin fonunda təbii ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlət olaraq həm regional siyasəti, həm də qlobal siyasətdə atılacaq addımları razılaşdırırlar:
“Hər iki dövlət arasında müxtəlif konsultasiyalar həyata keçirilir. Bunlardan biri də təbii ki, diplomatiya ilə bağlıdır. Türkiyə və Azərbaycan xarici işlər nazirlikləri arasında hər zaman kifayət qədər müzakirə predmeti ola biləcək məsələlər mövcuddur. Türkiyədə başda Rəcəb Tayyib Ərdoğan olmaqla onun bütün komandası Azərbaycanın dövlət maraqlarından çıxış edir. Qardaşı prezident İlham Əliyevə bütün sahələrdə lazımi dəstəyi verir. Yəni Türkiyənin Azəraycanla birgə addımlamasında qeyri-adi bir şey yoxdur”.
N. Məhəməliyev sonda qeyd edib ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri baş tutacaq.
“Nəzərə alsaq ki, Qarabağda məskunaşmış erməni separatçılarına ən böyük dəstəyi verən Rusiyadır. Mən düşünürəm ki, Putinlə görüşdə bundan sonda atılacaq addımların müzakirəsi labüddür. Türkiyə-Azərbaycan ilə yanaşı Türkiyə-Rusiya, Rusiya-Ermənistan münasibətləri, eyni zamanda Qarabağda Rusiya sülhməramlılarının apardığı işlər barədə müzakirələr aparılacaq. Konkret atılacaq addımlar barədə qərarlar qəbul olunacaq. Təbii ki, belə bir platformadan Azərbaycan hər zaman istifadə edib və bu dəfə də edəcək. Bizim qarşımızda olduqca məkrli, müxtəlif qütblərdən dəstəklənmiş, bəzi hallarda böyük güclər tərəfindən himayə ounmuş bir dünya erməniliyi durur. Müharibədə uduzmaqlarına baxmayaraq informasiya cəbhəsində çoxşaxəli, genişmiqyaslı bir siyasət aparırlar. Ölkəmiz, xalqımız əleyhinə təbliğat aparırlar. Diplomatiyamızın çevikliyi ondadır ki, bütün ermənilərin eyni zamanda onlara havadarlıq edən qüvvələrin ölkəmizə yönəlik düşmənçilik niyyətlərini neytrallaşdırırlar. Bu baxımdan hesab edirəm ki, Ceyhun Bayramovn Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşündən sonra prezident Ərdoğanla müzakirə ediləsi kifayət qədər mövzuları var”.
Rəşid Qarayev