- Müşahidə məntəqəsi
- 1 Avqust 2023 16:43
- 10 537
Yevlaxdakı görüşdə Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur - Elxan Şahinoğlu
Hazırda Yevlaxda Bakı nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığı nümayəndələri arasında görüşün təşkil edilməsi üzərində iş aparılır.
AzNews.az "Caliber.az"a istinadən xəbər verir ki, görüşün təşəbbüskarı hər hansı üçüncü ölkə deyil və bu, Bakının dialoq barədə təklifinin məntiqinə əsaslanır.
Məlumata görə, Qarabağ ermənilərinin bəzi nümayəndələri sözügedən görüşə mane olmağa çalışırlar.
Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbəri təsdiqlənərsə, bunu müsbət qiymətləndirmək olar.
"Separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ ermənilərinin Bakıda görüşmək təklifindən imtinalarından sonra məsafəcə Xankəndinə yaxın olan Yevlax variantından da imtina etmələri mövqelərini daha da zəiflədəcək. Əsas odur ki, Yevlaxdakı mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur. Yevlaxa gələn bir müddət sonra Bakıya da gəlmək məcburiyyətində qalacaq", - o əlavə edib.
Politoloq qeyd edib ki, Yevlaxda görüşə razılaşarlarsa, (erməni mənbələri hələ ki, Yevlaxda görüş barədə heç bir məlumat yaymayıblar) erməni separatçılarının və Ermənistan hakimiyyətinin “yalnız üçüncü tərəfin iştirakı ilə neytral ərazidə müzakirələr aparaq” tələbindən geri çəkilməsi olacaq.