Rusiya Ermənistanla Azərbaycan arasında sülh istəmir - Ekspert

“Rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında tələsməməlidir. Eyni zamanda, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək: “Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.

Mövzu ilə bağlı AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması konkret olaraq Moskvanın Cənubi Qafqazla bağlı siyasətini ortaya qoydu və göstərdi ki, Rusiya Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh istəmir.

"Sülh Rusiyanın gündəliyində deyil. Rusiyada baş tutan görüşlər, telefon danışıqları əslində formal xarakterli məsələlərdir. Özü dili ilə dedi ki, sülh üçün tələsmək olmaz. Burada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi hansı məqamları nəzərə alır? Birincisi, başa düşür ki, Moskvanın Bakı ilə İrəvan arasındakı vasitəçiliyi uğursuzdur. Göründüyü kimi neçə dəfə danışıqlar, görüşlər olub, amma heç bir nəticə çıxmayıb. Moskvadakı sonuncu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də nəticəsiz qaldı. Rusiyanın indi Cənubi Qafqazla məşğul olmağa sadəcə olaraq vaxtı yoxdur. İndiki əsas prioriteti Ukraynadır".

Ekspert qeyd edib ki, Rusiya bu mövcud vəziyyətdən istifadə edən ABŞ və Avropa İttifaqının vasitəçilik səylərini gücləndirdiyini anlayır.

"Ona görə də Xarici İşlər Nazirliyinin nümayəndəsi açıq aydın şəkildə deyir ki, tələsmək olmaz. Çünki tələsik sülh doğrudan da lazım deyil. 1994-cü ildə atəşkəs oldu, amma Ermənistan onu pozdu. 2020 və 2021-ci illərdə üçtərəfli saziş imzalandı. Ermənistan onu da pozub, öhdəliklərini yerinə yetirmədi. Kim bizə zəmanət verə bilər ki, yenə sülh müqaviləsi imzalanacaq və Ermənistan bu sülh müqaviləsinin qaydalarını pozmayacaq. Belə sülh müqaviləsi bizə lazım deyil. Düzdür, bu baxımdan bu dəqiqə sülh bizdən çox Ermənistana lazımdır. Çünki sərhədlər hələ müəyyənləşməyib. Bu çox mühüm detaldır da. Ermənistanın hər təxribatına cavab olaraq Azərbaycan Ordusu sərhədlərini özü müəyyənləşdirmək hüququna malikdir. Bəzi məslələlər öz həllini tapmalıdır. Qarabağdakı terrorçular və hərbi birləşmələr oradan çıxmalıdır. Əks halda, əgər sülh müqaviləsi imzalanacaqsa və orada da terrorçular fəaliyyətlərini davam etdirəcəklərsə, bu, təbii ki, təhlükəsizlik üçün təhdiddir. Zəngəzur dəhlizi açılmalıdır, sərhədlərin delimitasiya məsələsi həllini tapmalıdır və bütün bunlardan sonra, bəli, sülh müqaviləsi imzalana bilər. Sadəcə, biz bunları təsdiqləyirik".

K. Novruzov onu da vurğulayıb ki, əgər sülh müqaviləsinin qüvvədən düşməsinə şərait yaradan hansısa bir məqam qalacaqsa, artıq elə sülh müqaviləsi bizə lazım deyil.

"Bəziləri belə yaza bilər ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bunu nəzərdə tutub ki, tələsik sülh ziddiyyətlərə, münaqişəyə səbəb olar. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bu açıqlamasında dediyim kimi, Rusiyanın regiondakı destruktiv və qeyri-səmimi mövqeyini ortaya qoymuş oldu. Açıq aydın dedi ki, biz sülh istəmirik, qoy proses uzansın. Biz nə vaxt yenidən öz hegemonluğumuzu bərpa edəcəyiksə, onda özümüz bu işlə məşğul olarıq. Bu bəyanatın şifrələri məhz belə çözülməlidir".

Ayan Rzayeva