- Müşahidə məntəqəsi
- 9 Avqust 2023 18:16
- 11 369
Qərb Rusiyanı Ukraynada tələyə saldı - Ekspert
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən XIV səfirlər konfransında çıxışı zamanı bildirib ki, Ukraynadakı müharibənin uzanmasında maraqlı olan güclər var. O bildirib ki, Ukraynadakı savaş təkcə siyasi məsələ deyil.
Mövzu ilə bağlı AzNews.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, əvvəllər keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi ki, müharibənin uzanmasında maraqlı olan qüvvələr var.
“Şübhəsiz ki, bu qüvvə ABŞ başda olmaqla Qərb müharibənin uzanmasının tərəfdarıdır. Məqsəd isə Qərbin Şərqi Avropadakı mövqelərinin gücləndirilməsi və Rusiyanın zəifləməsi, Rusiyanın idarə olunan vəziyyətə gətirilməsidir. Numan Qurtulmuş fikrində işarə vurduğu tərəf məhz ABŞ başda olmaqla Qərb dövlətləridir".
K.Novruzov onu da qeyd edib ki, proseslər artıq müharibənin gedişatı ilə bağlı Qərb dövlətlərində də fikir ayrılığı olduğunu göstərir.
“Məsələn, Polşa ilə ABŞ, hətta Fransa ilə Britaniyanın Ukraynadakı müharibəyə münasibətləri fərqli ola bilər. Təsadüfi deyil ki, artıq bəzi dövlətlər Ukraynaya silah tədarükünü gücləndirdiyi halda, bəziləri daha ehtiyatlı davranırlar. Ola bilsin ki, bəzi Qərb dövlətləri artıq müharibənin bitməsini istəyir və gələcəkdə kollektiv Qərbdə bu ziddiyyət daha da arta bilər. Şübhəsiz, Türkiyə dəfələrlə Rusiyanın işğalını tanımadığını, Rusiyanın Ukrayna ərazisini işğal etdiyini bildirib. Açıq aydın deyir ki, bu müharibə artıq Ukrayna, Rusiya müharibəsi yox, Rusiya və Qərb müharibəsidir. Bir sözlə Qərb Rusiyanı Ukraynada tələyə saldı, bataqlığa çəkdi. Bu mövzuda Türkiyənin mövqeyini dəyişəcəyini düşünmürəm. Türkiyə bundan sonra da vasitəçi kimi səylərini davam etdirəcək. Amma hər ötən gün Türkiyənin müharibəni dayandırmaq imkanı daha da azalır. Çünkü müharibənin miqyası böyüyüb, nəzarətdən çıxır və şübhəsiz ki, Türkiyə müharibəni bitirmək üçün artıq təkcə Rusiya və Ukrayna tərəfləri ilə deyil, həm də Qərblə dil tapmalıdır”.
Ayan Rzayeva