Aİ-nin Ermənistandakı mülki missiyası son dövrlər ərzində heç də sülhə xidmət etmir - İlyas Hüseynov

Məlumdur ki, iki gündür Ermənistan yeni dezinformasiya kampaniyasına başlayıb. Onlar bildirdi ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisində monitorinq aparan Aİ missiyasına atəş açıb. Dezinformasiya dərhal Azərbaycan XİN tərəfindən inkar edildi. Daha sonra Azərbaycanın tələbi ilə Aİ məsələyə münasibət bildirirərək rəsmi səhifələrində xəbərin dezinformasiya olduğunu qeyd etdi. Amma ötən günün sonunda Aİ-nin rəsmi səhifəsindən bu məlumat çıxarıldı.

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Avropa İttifaqının Ermənistanda olan mülki missiyası son dövrlər ərzində heç də sülhə xidmət etmədiyini nümayiş etdirir.

"Burada sərhəd boyu monitorinq həyata keçirmək onlara həvalə olunsa da, biz görürük ki, siyasi proseslərə də müdaxilə edirlər. Bir-birini təkzib edən bəyanatlar, anlaşılmaz və çaşqınlıq yaradan fikirlər tamamilə qəbulolunmazdır. Bunlar regiondakı kövrək sülhün daha da gərginləşməsinə gətirib çıxardır. Cəfəng və məsuliyyətsiz bəyanatlar, əlbəttə, hazırkı reallıqlarla uyğunluq təşkil etmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı kimi enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın Rusiya-Ukrayna müharibəsi fonunda inamlı bir tərəfdaş kimi Avropa İttifaqının enerjiyə olan tələbatının ödənilməsində geosiyasi faktor kimi mövqeyi sübut olunmuşdur. Bu xüsusda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində iştirak edir, moderator kimi çıxış edir. Bununla yanaşı olaraq Avropa Siyasi Birliyi formatında da danışıqlar icra olunmaqdadır. Qarşıda oktyabr ayında İspaniyanın Qranada şəhərində mühüm görüş keçiriləcək. Bütün bunların fonunda Ermənistanda olan Avropa İttifaqı missiyası heç də xoşa gəlməyən mövqe nümayiş etdirərək həm regionda Avropa İttifaqının nüfuzunu zəiflədir, həm də Bakı ilə Brüssel arasında olan münasibətlərə də təsir göstərmək niyyətini ifadə edir", - o əlavə edib.

Politoloq onu da bildirib ki, Bakı ilə Avropa İttifaqı arasında kifayət qədər tarazlaşdırılmış iqtisadi inkişafa fokuslanan münasibətlər mövcuddur.

"Ermənistanda olan bu missiya heç də Azərbaycanın Avropa İttifaqı ilə olan münasibətlərinə təsir göstərmək iqtidarında deyil. Eyni zamanda, bu dezinformasiya kampaniyası da heç şübhəsiz ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdən öncə baş verdi. Ermənistan əlində olan bütün imkanlardan, bütün resurslardan və rıçaqlardan istifadə etdi ki, ölkəmizə qarşı hansısa qətnamə qəbul olunsun, bunu da edə bilmədilər. Azərbaycan bütün sahələrdə olduğu kimi, məhz beynəlxalq müstəvidə də öz maraqlarını qətiyyətlə qorudu".

Ayan Rzayeva