Rusiya Ermənistanı qızışdırır - Politoloq

Ermənistan mətbuatı Qarabağla bağlı müəllifi Rusiya xarici işlər naziri Sergey Lavrov olduğu söyləbilən “14 maddəlik sənəd”i müzakirə edir. Bu plan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını nəzərdə tutduğundan revanşist ermənilərin etirazı ilə qarşılanıb. Bəs, layihədə əks olunan müddəalar Azərbaycanın lehinədirmi?

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki,bu sənəd xeyli vaxtdır Ermənistan mediasında müzakirə olunur. Sənəd “Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır.

"Sənəd Rusiyanın Qarabağla bağlı təklifləri kimi təqdim edilib. Mən həmin sənədlə tanışam. Qeyd olunan 14 madəni detallı şəkildə oxumuşam. Deyə bilərəm ki, 14 maddə cəlbedici görünsə də, Azərbaycanın xeyrinə deyil. Hətta deyərdim, perspektivdə Azərbaycanı 1990-cı illərin siyasi xaos vəziyyətinə qaytara bilər. Misal üçün, sənədin 14-cü maddəsində nəzərdə tutulan “erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması” şərtini qəbul etmək mümkün deyil. Azərbaycan ərazisində yaşayan bütün etnik azlıqlar kimi ermənilər də yalnız Azərbaycan mərkəzi hakimiyyətindən yardım ala bilərlər. Kənardan iqtisadi və humanitar yardımın sərbəst alınması faktiki muxtariyyət imtiyazıdır".

Politoloqun sözlərinə görə, Rusiya regionda sülhün əldə edilməsini istəmir.

"Söhbət həm Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi, həm də Qarabağ erməniləri ilə rei-nteqrasiya prosesindən gedir. Diqqət çəkən əsas məqam odur ki, son günlər həm Ermənistan sərhədə əlavə texnika, qüvələr cəlb edir, həm də separatçılar yeni səngərlər qazır. Bu qarşıdakı yeni toquşmalara işarədir. Rusiya maksimum dərəcədə çalışır ki, regionda yeni müharibə olsun.

Ayan Rzayeva