- Müşahidə məntəqəsi
- 29 Avqust 2023 02:02
- 16 697
Erməni futbolçularının cinayət işi niyə bağlandı? - OPERATİV ŞƏRH
Azərbaycan humanizm tətbiq edərək Laçında saxlanılan erməni futbolçular barəsində cinayət təqibinə xitam verib.
Aznews.az xəbər verir ki, burada təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla cinayət təqibinə xitam verilib.
Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) - maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.
Bütün bunlar nə anlama gəlir?
Azərbaycanın dövlət rəmzinə qarşı təhqiramiz hərəkət edən erməni mənşəli futbolçuların saxlanılması ilk növbədə göstərdi ki, respublikamızın Baş prokurorluğunun, Dövlət Sərhəd Xidmətinin və xüsusi xidmət orqanlarının əlində hazırda Qarabağda yaşayan hər bir erməni haqqında dolğun məlumatlar var. Laçın SNBM-də istifadə olunan bilgisayarların bazasına həmin məlumatlar yerləşdirilib və hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxslər məntəqədən keçəndə "qırmızı yanır".
İkincisi, Azərbaycan öz qanunlarını qətiyyətli bir şəkildə qoruyur və ermənilərin salacacağı hay-həşirə əhəmiyyət vermədən dövlətimizə qarşı cinayət törətməkdə şübhəli bildiklərini qandallayaraq müttəhimlər kürsüsünə çıxarır.
Üçüncüsü, cinayət işinin təqibini dayandırmaqla, rəsmi açıqlamada da deyildiyi kimi, Azərbaycan humanizm göstərdi, təqsirləndirilən şəxslərin yaşını, peşimançılığını nəzərə aldı. Bununla belə bir mesaj verildi ki, rəsmi Bakı xüsusi ilə ağır cinayətlər törətməyən, Azərbaycan torpaqlarının işğalının təşkilində iştirak etməyən, soydaşlarımıza qarşı xüsusi amansızlıq göstərməmiş erməniləri bağışlamağa hazırdır.
Dördüncüsü, rəsmi Bakı Qarabağdakı ermənilərə və onları girovluqda saxlayan xuntaya xatırlatdı ki, Azərbaycan ərazilərində yaşadıqlarını qəbul etməyə, bu dövlətin qanunları ilə hərəkət etməyə hazır olsunlar. Əks halda, keçdikləri doğanaqda başlarına ip salınacaq.
Nəhayət, olaylara Ağdam-Xankəndi yolunun açılması kontekstində baxmaqda yarar var.
Baş prokurorluq cinayət təqibini dayandırmaya bilərdi və buna görə heç kim Azərbaycanı qeyri-humanistlikdə ittiham edə bilməzdi. Rəsmi Bakının bu jesti təsdiq edir ki, Ağdam yolunun açılması ilə bağlı danışıqlar gözlənilir və Azərbaycan haqlı tələbinin reallaşması üçün konsturiktiv ortam hazırlayır.
Taleh ŞAHSUVARLI