- Müşahidə məntəqəsi
- 30 Avqust 2023 17:04
- 11 694
Türkiyə ilə qarşılıqlı təlimlərin keçilməsi ordumuzu daha da inkişaf etdirəcək - Ekspert
Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak Azərbaycanda səfərdə olub. Bu gün müdafiə nazirimiz Zakir Həsənov da Türkiyədə səfərdədir.
Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən hərbi ekspert Alparslan İmamquliyev bildirib ki, Azərbaycan və Türkiyə respublikaları arasında uzun illər hərbi sahəsində əməkdaşlıq mövcud olmuşdur.
"Amma xüsusi olaraq qeyd etmək istərdim ki, 2020-ci ildəki Vətən müharibəsindən sonra bu əlaqələr daha da genişləndirildi. Əsasən Ali Baş komandanımızın Azərbaycan Ordusunun türk ordu modelinə keçidi ilə əlaqədar verdiyi göstərişlərdən sonra bir sıra ciddi dəyişikliklərin olduğunun şahidiyik. Gələcək perspektivdə ordumuzun inkişaf etdirilməsi adına NATO-nun əsas ordularından biri sayılan Türkiyə ordusu ilə bir sıra qarşılıqlı təlimlərin keçilməsi təbii ki, ordumuzu daha da inkişaf etdirəcək. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv, digər dövlətlərin də bu prosesə cəlb olunması, bir növ gələcəkdə yeni bir Turan ordusunun yaradılması perspektivinə bizi daha da ümidləndirməkdədir".
Ekspert onu da əlavə edib ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri sayılsa da, bundan sonra gələcək perspektivdə görüləcək işlər adına atılacaq bir sıra addımlar və inkişaf etdirilməsi gərəkən bir sıra məsələlər vardır.
"Və bu perspektivdən baxsaq, Türkiyə ilə olan münasibətlərimizin, xüsusən də hərbi sahədə ortaq müştərək təlimlərin keçirilməsinin artırılması ordumuzun inkişafına ciddi töhfə verəcək"- deyə bildirib.
Ayan Rzayeva