- Müşahidə məntəqəsi
- 27 Sentyabr 2023 16:05
- 7 457
Elxan Şahinoğlu: "Fransa istənilən bəhanədən saman çöpü kimi yapışacaq"

"Fransa İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra qatı ermənipərəst mövqeyə keçdi. Bu əvvəllər də belə idi, amma müharibə və ondan sonrakı dönəmdə tamamilə balansı itirərək, Azərbaycanın uğuruna kölgə salaraq ermənipərəst mövqeyə keçdilər. Şəxsən Makron erməni seperatını müdafiə etməyə başladı''.
Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ötən illərdə Fransa Minsk qrupu həmsədri kimi balansı qorumağa çalışırdı.
"Keçmiş Fransa prezidentləri İrəvana gedəndə Bakıya da gələrdilər. Lakin Makron tamamilə ermənipərəst mövqeyə keçdi. Onun son açıqlamaları da Azərbaycan əleyhinədir. İndi hətta Fransa Qərbi Zəngəzurda konsulluq açmaq istəyir. Konsulluq xidmətinin məqsədi nədir? Təbii ki, öz vətəndaşına xidmət etmək. Bəs Qərbi Zəngəzurda Fransa vətəndaşı varmı? Bunlar hamısı Azərbaycana qarşı atılmış addımlardır. Təsadüfi deyil ki, bu günlərdə İrəvanda Fransa və İran səfirləri bir araya gəlmişdi. Halbuki bütün digər məsələlərdə bu iki dövlət arasında fikir ixtilafı var''.
Politoloq əlavə olaraq qeyd edib ki, son hadisəyə gəldikdə isə ermənilər özü də bunun təbii hadisə olduğunu, partlamanın səhlənkarlıq nəticəsində baş verdiyini etiraf ediblər.
''Hal-hazırda Fransadan açıqlamalar gəlir ki, onlar Qarabağda prosesləri izləmək istəyirlər. Dünən Amerikanın dövlət katibi Blinkenində belə bir istəyi olmuşdu. Azərbaycan prezidentinin qərarı var ki, BMT çərçivəsində belə bir heyət gələ bilər. Gəlsinlər, çünki biz insanların Qarabağı tərk etməsi üçün zor tətbiq etmirik. Prezidentin köməkçisi Hikmət Hacıyev də bunu deyib. Qarabağda qalanlar isə Azərbaycan qanunları ilə yaşayacaq. Buna baxmayaraq, Qərbdəki bəzi ermənipərəst dairələr, o cümlədən Fransa istənilən bəhanədən saman çöpü kimi yapışacaq. Onlar Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirirlər".
Rəfiqə NAMAZƏLİYEVA