BMT-nin missiyasının yenidən Qarabağa səfəri bir daha erməni yalanının ifşasıdır - Deputat

“BMT-nin missiyasının yenidən Qarabağa səfərinin təşkil olunması və bəyanatlarında əks etdirdikləri qənaətləri bir daha erməni yalanının ifşasıdır. Azərbaycan indi daha güclü diplomatik xarici siyasət qurub. Ona görədir ki, artıq beynəlxalq aləmi öz yalanları ilə aldatmağa cəhd edən Ermənistan hər dəfə iflasa uğrayır”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

O həmçinin qeyd edib ki, lakin erməni tərəfi öz iflasını qəbul etməmək üçün əlindən gələni edir.

"Azərbaycan dövlət başçısınını xarici siyasət xəttinin əsası milli maraqlar olub. Dəfələrlə öz çıxışı zamanı beynəlxalq aləmin Qarabağ məsələsində fəaliyyətsizliyini vurğulayıb.

Hələ 2003-cü ilin sentyabr ayında Azərbaycanın BMT Baş Assambleyasında cənab İlham Əliyev Baş nazir kimi 58-ci sessiyada çıxış etmiş, xüsusilə də Təhlükəsizlik Şurasının fəaliyyətindəki nöqsanları cəsur bir şəkildə dilə gətirərək BMT-nin yenidən strukturlaşmasında yeni reallıqların nəzərə alınmalı olduğunu bildirmişdi. BMT bu gün Qarabağa təşkil etdiyi səfərləri 30 il müddətində intensiv şəkildə təkrarlasaydı, Azərbaycanın da vətəndaşları öz doğma yurdlarına 30 il sonra geri dönməzdi. Lakin bütün hallarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların qətnamə və bəyanatları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir”.

Rəfiqə NAMAZƏLİYEVA