- Müşahidə məntəqəsi
- 18 Oktyabr 2023 16:18
- 11 623
İsrail-Fələstin müharibəsi: Dünya iqtisadiyyatı baş verənlərdən necə təsirlənəcək?
“İsrail-Fələstin müharibəsinin dünya iqtisadiyyatına təsiri onun nə zamana qədər davam edəcəyindən və nə qədər ölkənin prosesə qarışacağından asılıdır. Əgər tezliklə bu problemi çözmək mümkün olsa, təsirləri az olacaq”.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli AzNews.az-a açıqlamasında bildirib.
O deyib ki, müharibə geniş vüsət alarsa, neftin və qazın qiymətinə çox ciddi təsir göstərə bilər.
“Təbii ki, müharibə neft-qazla zəngin olan bir bölgənin, Ərəbistan yarımadası yaxınlığında baş verir. Bu da neft-qaz sahəsində qiymət artımına səbəb olar. Dünyada yenidən inflyasiyanı artırar, dünya iqtisadiyyatının böyüməsini zəiflədər və resessiya təhlükəsi yarada bilər. Bu müharibə uzun müddət davam edərsə və digər ölkələrin qarışması ilə nəticələnərsə, çox ciddi fəsadları ola bilər. Düşünürəm ki, bir çox ölkələr, o cümlədən Qərb çalışır ki, müharibə böyümədən bu işi bitirsinlər. Elə Baydenin bugünkü İsrail səfəri də güman ki, bununla əlaqəlidir”, - deyə o əlavə edib.
Rəfiqə NAMAZƏLİYEVA