- Müşahidə məntəqəsi
- 25 Oktyabr 2023 18:29
- 11 000
Gürcüstanın "3+3"də iştirak etməməsinin səbəbi nədir?
“Gürcüstanın “3+3” formatlı görüşdə iştirak etməməsinin səbəbləri əslində bəllidir. Məsələ ondan ibarətdir ki, 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxilə etməsi, Abxaziya və Osetiyanın müstəqilliyini tanıması, bu gün də qondarma qurumlara dəstəyini ifadə etməsi mövcud Gürcüstan-Rusiya münasibətlərinin qopmasına gətirib çıxardı”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib.
O qeyd edib ki, mövcud Qaribaşvili hakimiyyəti Rusiya ilə münasibətləri bərpa etmək istəsə belə radikal bir dəyişimin getməsi hələ ki mümkün deyil.
“Gürcüstan Rusiya ilə problemləri əsas gətirərək və Rusiyanın da “3+3” formatında iştirakını nəzərə alaraq, görüşlərdə iştirakdan imtina edir. Təsadüfi deyil ki, Moskvada keçirilən görüşdə də iştirak etməmişdi. Ümid var idi ki, Gürcüstanın Tehrandakı görüşdə iştirakı olacaq, lakin bu da baş tutmadı. Düşünürəm, Türkiyədə keçiriləcək görüşə qədər böyük ehtimal Türkiyə və Azərbaycan Gürcüstanı birliyə razı salmağa çalışacaq. Ümumiyyətlə, Gürcüstan başa düşməlidir ki, “3+3” formatı regional problemlərin, münaqişələrin həlli baxımından çox müsbətdir. Görüşlərdə iştirak Gürcüstan üçün də faydalı olar, şübhəsiz Abxaziya və Osetiya məsələsi özlüyündə həll edilməyəcək. Yaxşı olardı ki, Rusiya ilə məsələnin həlli yönündə addımlar atsın. Bu məsələnin həlli üçün də “3+3” formatı uğurlu bir platforma olma ehtimalı var. Ümumiləşdirsək, görüşlərdə Gürcüstanın iştirak etməməsinə səbəb Rusiya faktorudur”.
Rəfiqə NAMAZƏLİYEVA