Elşad Həsənov: "Biz o əraziləri Ermənistana peşkəş verməyəcəyik"

"Bütün bu prinsiplər bizim irəli sürdüyümüz beş əsas prinsipdə öz əksini tapıb. Oxucuların yadındadırsa, keçən il Nikol Paşinyan bildirmişdi ki, sülh müqaviləsi bağlamağa hazırdır. Ancaq bu məsələyə Fransa mane oldu. Eyni zamanda Rusiyada baş tutan bəzi görüşlərdə Qarabağ məsələsinin dondurulması və yaxud da Qarabağda yaşayan ermənilərin milli müqəddəratının həll olunması prinsipi kimi məsələlər müzakirə olunurdu. Bu məsələrin hamısı həll olundu və ermənilər çıxıb getdilər".

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib.

O qeyd edib ki, prinsiplərdə heç bir yenilik yoxdur, irəli sürdüyümüz prinsiplər üç maddədə cəmləşir və biz də bunlara hazır idik.

''Nikol Paşinyan bir neçə dəfə Azərbaycanın 86,600 kvadrat kilometr ərazisini tanıdığını elan etmişdi. Sonra Azərbaycan prezidenti Laçında yerli əhali ilə görüş zamanı bildirdi ki, Paşinyanın bizim əraziləri tanıdığını ancaq bunun sənədə imza atması ilə görə bilərik. Beləliklə, Qranada şəhərində keçirilən dörd tərəfli görüşdə yekun sənəddə Paşinyan Azərbaycanın 86,600 km2 ərazisini tanıdığı bildirərək bunu imzası ilə təsdiq etdi. Cənab İlham Əliyev də Ermənistanın 29,800 km2 ərazisini tanıdığını şifahi olaraq bildirib, ancaq bizim sözümüz imzamızdır. Çünki cənab prezidentinin dediyi söz qanundur. Hər zaman dediyi sözlərə, verdiyi vədə daim əməl edib. Artıq bunu beynəlxalq tərəfdaşlarımız da bilirlər. Yaxın zamanda görüşlərdə Azərbaycan prezidenti də Ermənistanın ərazisini tanıyacağı haqda sənədə imza atacaqdır."

E.Həsənov əlavə edib ki, Ermənistanın bizim əraziləri tanıdığına dair sənəddə anklavda olan 8 kəndimizdə bizim ərazilərə aiddir. Deməli bu məsələ də bitmiş olur.

"Ancaq nədənsə hələlik bu haqda söhbətlər getmir. Görünür ki, komissiyalarda bu məsələ haqqında danışıqlar aparacaqlar və yüksək səviyyədə sülh sazişinin bağlanmasına dair sənədlər hazırlayacaqlar. O kəndlər bizim ərazimizdir, biz onları Ermənistana peşkəş verməyəcəyik. Eyni zamanda Nikol Paşinyan bir neçə dəfə 1991-ci ilin Alma-Ata bəyannaməsi ilə aparılmasını və o zamankı xəritə ilə çözülməsini istədiyini bildirib. Düşünürəm ki, bu məsələ də yüksək səviyyəli danışıqlarda həll olunmalıdır, Ermənistanın deməsi ilə yox. Çünki zaman-zaman SSRİ rəhbərliyi Ermənistana Azərbaycan torpaqlarını peşkəş ediblər. Elə axırıncı 5 min hektar Qazaxın Kəmərli kəndində böyük sahəni onlara hədiyyə verdilər. Əvvəl Naxçıvanda torpaqlarımız, həmçinin digər sahələrdə də torpaqlarımız verilib. Bunlar bizim yadımızdan çıxası deyil. Ümumiyyətlə bütün bunlar diplomatik danışıqlar yolu ilə həll olunacaq məsələlərdir. Biz də bu danışıqları aparmağa və sülh sazişini imzalamağa hazırıq. Kommunikasiyaların açılması ilə bağlı Paşinyan da danışır, biz də bunun tərəfdarıyıq. Artıq 30 ildən çoxdur ki, Naxçıvan blokada şəraitindədir. Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yolun açılması da 10 noyabr 2020-ci il bəyannəməsinin 9-cu maddəsində göstərilib. Amma buna hələlik Ermənistan razı deyil və reaksiya verməyib. Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib və konstitusiya hüquqlarını bərpa edərək həmin ərazilərdə quruculuq işləri aparır."

Rəfiqə NAMAZƏLİYEVA