Almaniya XİN başçısı həm də Fransanın maraqlarına uyğun təkliflərlə gəlib - Ekspert

“Hazırda Ermənistanı özünün siyasi ambisiyalarına qurban verməyə hazır olan bir sıra Qərb, xüsusilə də Avropa dövlətləri var. Fransa bunların içərisində daha çox canfəşanlığı ilə seçilir. Son zamanlar isə Almaniya da bu istiqamətdə dominant olmaq üçün ciddi cəhdlər göstərir”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Amid Əliyev bildirib.

O, burada bir neçə məqamın olduğunu deyib və ilk olaraq Fransanın bölgəyə nüfuz edə bilməməsini səbəb göstərib.

“Burada bir neçə məqam var. Birincisi, Fransa bölgəyə nüfuz edə bilmir. Ancaq Avropadan və bölgədən kənarda böyük səslənən bəyanatlar versə də real olaraq heç bir addım ata bilmir.

Buna görə də Almaniyanı bölgəyə daxil etməklə öz istəklərini də səsləndirmək fürsətindən yararlanmaq istəyir. Təbii ki, Almaniya XİN başçısı öz portfelində həm öz maraqlarına, həm də Fransanın maraqlarına uyğun təkliflərlə gəlib. Əsas məqsəd bölgəyə beynəlxalq missiyanın daxil edilməsi, ermənilərin Qarabağa məcbur qaytarılması və nəhayət Zəngəzur dəhlizi məsələsində kənarda qalmamağı sığortalamaqdır. Lakin hər zaman olduğu kimi Almaniyanın təklifləri Azərbaycanda keçərli olmayacaq. Necə ki Fransanın humanitar böhran, silah alveri və ya ermənilərin təəssübünü çəkmək kimi ideyaları reallığa çevrilmədi Almaniyanın da məqsədləri öz hədəfinə çatmayacaq. Bundan sonra Azərbaycan bölgədə əldə edilmiş suverenliyini, ərazi bütövlüyünün tam olmasını hansısa dövlətlərin avantüralarına qurban verməyəcək".

Rəfiqə NAMAZƏLİYEVA