- Müşahidə məntəqəsi
- 14 Noyabr 2023 14:40
- 5 278
Ekspert: "Bu yanaşma Azərbaycanla Aİ arasında münasibətləri poza bilər"

“Azərbaycanın Ermənistan ərazilərini işğal etmək kimi bir niyyəti yoxdur. Əslində, bu çox təzadlı bir fikirdir. Məsələ budur ki, sürətli şəkildə Fransa və Hindistan tərəfindən aktiv şəkildə Ermənistan silahlanır. Bu silahlanma baş verdiyi halda Azərbaycanı işğal cəhdində günahkar bilirlər. Göründüyü kimi ortada ciddi təzad mövcuddur”.
Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, Azərbaycana qarşı bu qeyri-adekvat yanaşmanın doğru deyil və bu yanaşma Azərbaycanla Avropa İttifaqı arasında müəyyən mənada münasibətlərin pozulmasına gətirib çıxara bilər.
“Azərbaycan Avropanın ən güvənilir, etibarlı enerji təchizatçısı olan ölkədir. Xüsusilə də Rusiya-Ukraniya müharibəsindən sonra Avropada yaranan enerji böhranından çıxış yolu olaraq alternativ ölkələrdən biri kimi Azərbaycana müraciət olunub. Azərbaycan Avropa bazarına qaz nəql edən ölkədir. Bundan başqa da bizim siyasi-iqtisadi münasibətlərimiz var. İndiki məqamda Avropa ittifaqının Azərbaycana qarşı belə bir mövqe sərgiləməsi qəbul edilən bir məsələ deyil. Rəsmi Bakının cavabında bu da öz əksini tapdı".
Rəfiqə NAMAZƏLİYEVA