ABŞ Azərbaycanda “qarışıqlıq sifarişi” verə bilər

Partiya sədrinin müavinindən xəbərdarlıq

ABŞ özünün hədəfində olan ölkələri nəzarətdə saxlamaq üçün fərqli metodlardan faydalanır. Ən çox rast gəlinənlərdən biri də bu ölkələrdə müxalifət təşkilatlarının dəstəklənməsidir. Bunun üçün həm hüquqi əsas, həm də icra mexanizmi formalaşdırılıb. Çoxsaylı donor institutlar, yardım fondları yaradılıb.

USAID, NED, Marşall Fondu, IREX və digərləri məhz bu cür proqramların icraçıları olaraq meydana çıxıb. Onlar zahirən “demokratik inkişafa dəstək vermək” adı altında fəaliyyət göstərirlər, bu məqsədlə “qrantlar verirlər”. Reallıq isə budur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa sövq edirlər.

Bakı-xebər.com yazır ki, bu təsisatların 90-cı illərdə, 2000-ci illərin əvvəllərində Azərbaycanda radikal müxalifətə yaxın olan QHT-ləri necə maliyyələşdirdiklərini, bundan öz məqsədləri üçün istifadə etdikləri bəllidir. Düzdür, qanunvericiliyə edilən dəyişikliklər nəticəsində həmin təsisatların müəyyən QHT-ləri, media resurslarını maliyyələşdirməsinin qarşısı alındı. Azərbaycan 2014-cü ildən etibarən “Qrant haqqında” Qanunu sərtləşdirib, milli maraqlarla uzlaşmayan xarici qrantların ölkəyə gətirilməsini məhdudlaşdırmaq üçün mexanizmlər tətbiq edib. Ancaq onlar bu fəaliyyətdən əl çəkmədilər. 2022-ci ildə Azərbaycanda “Media haqqında” Qanun qəbul edilərkən Milli Məclis qarşısında “etiraz aksiyası” keçirildi. Bəlli oldu ki, həmin piket “jurnalistlərin etiraz aksiyası kimi” qələmə verilsə də, orada yalnız 2 nəfər “jurnalist” iştirak edib. Qalanları “feminist fəallar” olublar.

Ramil Hüseynov

Məsələ ilə bağlı “Bakı-xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, bu kimi şəbəkə ilə Azərbaycanda sabitliyi pozmaq, vəziyyəti dəyişmək mümkünsüzdür. O, bunu bir sıra faktorlarla əsaslandırıb: “Əvvəla, Azərbaycan 90-cı illərdə, 2000-ci illərin əvvəlindəki ölkə deyil. Cəmiyyətimiz Qərbi yaxşı tanıyır. Düzdür, ilk dövrlərdə Qərbdən gözləntilər var idi. O mənada ki, Ermənistanın işğalçılıq siyasətini pisləyəcəklərini gözləyirdik. Çünki həm ərazilərimiz işğal olunmuşdu, həm də ölkədə 1 milyon məcburi köçkün və qaçqın var idi. Ancaq zaman keçdikcə məlum oldu ki, bununla bağlı Ermənistanı heç qınamağı da özlərinə rəva görmürlər. Azərbaycan işğala məruz qalan tərəf ola-ola, bizə qarşı ABŞ 1992-ci ildə 907-ci düzəlişi qəbul etdi. On il fasiləsiz olaraq bu qüvvədə qaldı. 2002-ci ildən düzəliş hər il dondurulsa da, birdəfəlik ləğv edilmədi. "Domokl qılıncı" kimi Azərbaycanın başı üzərindən sallandı. Azərbaycan xalqı Qərbin tərəfkeşliyi üzündən ərazilərimizin işğalı ilə bağlı1993-cü ildə qəbul olunan 4 BMT qətnaməsinin necə kağız parçasına çevrildiyini çox yaxşı bilir. 1998-ci ildən Qarabağdakı erməni separatçılarına hər il ABŞ-ın ayrıca “humanitar yardım” adı altında yardım etdiyini yaxşı bilirik. Bununla belə, Qərbin bir sıra postsovet ölkələrində həyata keçirdiyi “rəngli inqilablar”ın nə ilə nəticələndiyini də xalqımız gördü. Gürcüstanla Ukrayna ərazilərini itirdi, Qırğızıstanda bir neçə dəfə hakimiyyət dəyişikliyi baş verdi. Ən nəhayət, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazilərini azad edərkən bir sıra Qərb ölkələrinin necə məyus olduqlarını hamımız yaxşı gördük. Qərbin aparıcı media resursları üzərimizə gəldilər. Birtərəfli olaraq erməni tərəfinə aid məlumatları işıqlandırdılar. Halbuki işğala məruz qalan tərəf biz idik. Bütün bunlardan sonra Qərbə bağlı olan şəbəkənin ölkəmizdə vəziyyəti dəyişmək imkanı mümkünsüzdür. Çünki Qarabağ zəfərindən sonra xalq Ali Baş Komandanın ətrafında birləşib. Onların elə bir ciddi tərəfdarları, sosial bazası yoxdur. Hamı yaxşı bilir ki, həmin şəxslər Qərbin sifarişlərini yerinə yetirir".

Bəllidir ki, ABŞ onun diktəsi ilə hərəkət etməyən ölkələri bir sıra hallarda daxildən qarışdırır. Hazırda Azərbaycana qarşı ABŞ-ın təzyiqləri artmaqdadır. Amerika Azərbaycanı radikal müxalif təşkilatların əli ilə qarışdırmağa cəhd edə bilərmi? Edərsə, hansısa nəticəsi olar?

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın bütün ölkələrdə özünün 5-ci kolon"unu yaratması və onun vasitəsilə öz istəklərini reallaşdırmağa çalışması ənənəvi siyasətidir: “Amerikanın yaratdığı "5-ci kolon"un sıralarında siyasi partiyalar, qeyri-hökumət təşkilatları, yerli media orqanları, donor institutları, fondlar və “müstəqil” politoloqlar daha çox yer alır. Amerika “5-ci kolon”u ona görə yaradır ki, o ölkənin hakimiyyətinə istədiyi zamanda təzyiq etsin, lazım olanda qarışıqlıq, xaos yaratsın. Hətta bəzi hallarda "Soros" Fondunun vasitəsilə həmin ölkələrdə hakimiyyət dəyişikliyi də edir. Azərbaycan Qarabağda özünün tam suverenliyini bərpa etdikdən sonra ABŞ Azərbaycana açıq və dolayısı yolla təzyiqlərə başlayıb. Bunun iki mühüm səbəbi var. Birincisi, ABŞ-da olan çox güclü erməni diasporası var, ikincisi də xristian həmrəyliyidir. ABŞ Senatının noyabrın 15-də qəbul etdiyi “erməniləri müdafiə aktı” bir daha baş verənlərin əyani sübutudur. “ABŞ-la düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur” aforizmi elə-belə yaranmayıb. ABŞ onunla dostluq və yaxından əməkdaşlıq edənləri sonda həmişə peşman edib. Əslində bizə münasibətdə belə bir aktın qəbul olunması da gözlənilən idi. 35 il öncə ABŞ Azərbaycanda erməni separatizmini dəstəkləməklə Avropada qanlı savaşa yol açdı və bu gün də tökülən qanlara görə birbaşa məsuliyyət daşıyır. Beynəlxalq hüququ öz maraqlarına uyğun şərh edən, xarici siyasəti mənəvi dəyərlərdən uzaqlaşan bu böyük güc kiçik dövlətlər üçün böyük təhlükə mənbəyinə çevrilir. Ermənistanın Rusiyada arzuladıqları, yaxud planlaşdırdıqları hakimiyyət dəyişikliyinə qədər sülhdən yayındırılmasına haqq qazandırmaq üçün günahı Azərbaycanın üzərinə atıb, Azərbaycanı xəyali, guya gələcəkdə baş verəcək hansısa aqressiyada ittiham etmək bunun əyani sübutudur. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, amma işğalçı Ermənistana və işğalçı dövlət tərəfindən yaradılmış qondarma rejimə siyasi və maliyyə dəstəyi vermək, işğala məruz qalan Azərbaycana sanksiya tətbiq etmək, ərazi bütövlüyünü bərpa edən ölkəmizi buna görə təbrik etməmək siyasi riyakarlığın parlaq nümunəsidir. ABŞ-ın Azərbaycana təzyiqlərdən biri kimi bir çox ölkələrdə sınaqdan keçirdiyi daxildə qarşıdurmalar, küçə aksiyaları və digər xaos yaratmağa hesablanmış addımlar atmaq üçün əlaltısı olduğu, aliyyələşdirdiyi radikal müxalif təşkilatlara, şəxslərə sifariş verməsi də istisna deyil".

Ekspert qeyd etdi ki, nə qədər sifariş versələr, kimlərisə qızışdırıb ortaya çıxarsalar belə, istədiklərinə nail olmaları mümkün deyil: “ABŞ-ın Azərbaycanda radikal müxalifətə verdiyi dəstəklə nəyəsə nail olunması perspektivi yoxdur. Çünki Azərbaycan cəmiyyəti kifayət qədər ayıq cəmiyyətdir və Amerikanın çirkin planlarını həyata keçirməyə müntəzir olan marionetlərə etimad göstərmir. Onların kim olduqlarını və xaricdən verilən pullar müqabilində, sifariş əsasında sosial şəbəkələrdə, yotube kanallarında danışdıqlarını da yaxşı bilirlər. Ona görə də ABŞ-ın əlaltısı olan şəxslərin cəmiyyətdə güclü sosial dayaqları yoxdur. Pulu canından çox istəyən adamlarla Amerika heç nəyə nail ola bilməz. Çünki Azərbaycan xalqı bu cür adamların arxasınca getmir. Amma hər bir halda, dövlətimizin müvafiq orqanları ayıq-sayıq olmalıdır. Ölkəmizi daxildən qarışdırmaq planlarının baş tutmaması üçün gərəkən qanuni addımlar atılmalıdır”.