- Müşahidə məntəqəsi
- 27 Noyabr 2023 17:48
- 7 560
Siyasi ekspert: "Bir zamanlar Saakaşvilinin etdiyini indi Paşinyan edir"
“Qeyd etmək lazımdır ki, ABŞ-ın və Qərbin gözü hələ Cənubi Qafqaza Sovet İttifaqı dağıldıqdan sonra dikilmişdi. Bunun da əsas səbəbi regionun geo-siyasi əhəmiyyəti, neft-qaz yataqları ilə zəngin olması idi. Hətta 1997-ci ildə bir zamanlar ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Zbiqnev Bjezinski özünün ərsəyə gətirdi böyük şahmat taxtası əsərində ABŞ-ı Rusiyanı zəiflətmək üçün bir neçə regionda o cümlədən Ukraniyada, Mərkəzi Asiya və Cənubi Qafqazda qüvvətlənməyə çağırmışdır. ABŞ-ın Avrasiya regionunda xarici siyasətinin əsas istiqamətlərindən biri elə həmişə Cənubi Qafqaz regionunda öz mövqeyini qüvvətləndirmək idi. Bunu da müxtəlif yöntəmlərlə siyasi-iqtisadi rıçaqlarla, bölgədəki regional layihələrdə iştirakı ilə nail olmağa çalışırdı.”
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
O bildirib ki, 2001-ci il 11 sentyabr hadisələri və regionda baş verən digər məsələlər həmçinin, ABŞ-ın İraqa, Əfqanıstana müdaxiləsi ölkənin xarici siyasət istiqamətini müəyyən qədər Yaxın və Orta Şərq regionuna dəyişdirmişdir.
“ABŞ müəyyən qədər regiondan ayrılmışdır. Son üç ildə, xüsusilə İkinci Qarabağ və Rusiya-Ukrayna müharibəsindən sonra biz Amerikanın bölgədəki fəallığının artmasına şahid oluruq. Bu da ondan irəli gəlir ki, birincisi Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanı məğlub edərək, ədaləti bərpa edib, regionda yeni geo-siyasi reallıq yaratdı. Bu geo-siyasi reallığı ABŞ və Qərb hələ də həzm edə bilmir. İkincisi isə, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın əsas istiqamətini Ukraniya yönündə yönəlməsi Cənubi Qafqazda boşluq yarandı ki, Qərbdə bu boşluğu doldurmağa çalışır. Bu boşluğu doldurmaqda sözsüz ki, regionda həmin dövlətləri ABŞ və Qərbi hamiləri kimi görmək istəyən dövlətlərə ehtiyac var ki, bu baxımdan Ermənistan həm ABŞ həm Avropa Birliyi ələlxüsus Fransa üçün bir növ vasitədir. Bu vasitənin yardımı ilə hər ikisi regionda nüfuz dairəsini genişlətməyə çalışır. ABŞ və Avropa birliyi əslində Ermənistanın “qara qaşına, qara gözünə” vurulmayıblar, sadəcə Ermənistan vasitəsilə regiondakı proseslərə fəal şəkildə müdaxilə etməyə çalışırlar. Biz bütün bunların fonunda Ermənistanın artıq Rusiyadan uzaqlaşaraq Qərb yönümlü siyasət yürütməyə başlayır ki, bu da Ermənistan-Rusiya arasındakı problemlərin yaranmasına gətirib çıxarır.”
S. Zahidov qeyd edib ki, əgər Ermənistan qeyri-rasional addımlarını dayandırmaz və Rusiyaya qarşı açıq-aşkar mövqeyindən əl çəkməzsə, Rusiya rəhbərliyi indiyə kimi səsləndirdiyi bəyanatların praktiki reallaşdırılması ilə məşğul ola bilər.
“Paşinyan hakimiyyətinə qarşı birbaşa və dolayı yola belə müdaxilə həyata keçirilə bilər. Bir zamanlar Gürcüstanda Saakaşvilinin etdiyini hal-hazırda Paşinyan Ermənistanda edir. Ötən həftələrdə ABŞ konqresinin nümayəndələr palatasında “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmə həyata keçirildi. Bu dinləmələrdə Obrayan Azərbaycana qarşı ədalətsiz və qərəzli fikirlər səsləndirdi. Bundan dərhal sonra da Senatda səsvermə keçirildi və uzun müddətdir ki, dondurulmuş 907-ci düzəlişin ABŞ prezidenti tərəfindən dayandırılmasını qadağan edən qətnamənin lehinə səs verildi. Artıq Senatdan sonra da Nümayəndələr Palatası da bu qətnamənin lehinə səs verərsə, daha sonra prezidentin imzalaması ilə qətnamə qüvvəyə minmiş olacaq. ABŞ-ın onsuz da Azərbaycana etdiyi yardımlar çox deyil. Hətta Ermənistanla müqayisədə bu heç nədir. Ticari-iqtisadi əməkdaşlığı, həmçinin yardımları da dayandıracaq. Mən düşünmürəm, bundan Azərbaycan iqtisadiyyatı bir o qədər zərər çəkər. İndiki halda Azərbaycan ərazi bütövlüyünü təmin edib, iqtisadiyyatı da güclüdür. Bundan sonra ölkəmizə qarşı uzağı Amerika tərəfindən birbaşa sanksiyalar məsələsi gündəmə gələ bilər. ABŞ üçün Azərbaycan daha çox lazımdır nəinki Azərbaycan üçün. Hesab edirəm ki, ABŞ regiona yönəlik siyasətini 180 dərəcə dəyişməlidir. Çünki son illərdə ABŞ-ın xarici siyasətində bir ölkənin maraqları naminə regional münasibətlərin qurban verilməsi strategiyası durur. Bu da Amerikaya heç də müsbət hallar gətirmir. Bu strategiyadan əl çəkilməli və daha balanslı siyasət yürüdülməlidir”, - deyə o əlavə edib.
Rəfiqə NAMAZƏLİYEVA