Gürcüstan çox gözəl anlayır ki, bölgənin təhlükəsizlik açarı Azərbaycandır - Politoloq

“Gürcüstanla Azərbaycan arasında hər zaman mehriban və etimada əsaslanan qonşuluq münasibətləri mövcud olub. Gürcüstan hər zaman Azərbaycanın haqqı işini dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyünü də tanıyıb. Gürcüstanın Azərbaycana olan münasibətini 44 günlük müharibə zamanı da açıq şəkildə gördük. Gürcüstan baş verən proseslərdə bitərəf qalaraq məsələnin sülh yolu ilə davam etdirilməsini hər zaman dəstəklədi. Müharibədən sonra isə region üçün daha vacib olan enerji təhlükəsizliyi layihələri məhz Gürcüstanın qatqısı ilə baş tutdu. Gürcüstanın vasitəçiliyi ilə rəsmi Bakı bir sıra erməni əsirlərini buraxdı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Amid Əliyev deyib.

O bildirib ki, 2020-ci ildə Ermənistana qanunsuz silah daşınmasının qarşısını alan da məhz Gürcüstan olub.

"Bu faktları da yaddan çıxarmamalıyıq. Lakin son günlər Ermənistana ötürülən silahların bir hissəsinin məhz Gürcüstan limanlarından daşınması fonunda sanki münasibətlərin soyuması və xəyanət kimi sözlər ortaya çıxdı. Bu məsələnin bir neçə maraqlı tərəfləri var. Birincisi, Gürcüstan Qərb yönümlü siyasi kursun davamçısıdır. Eyni zamanda Aİ və AŞ ilə sıx əməkdaşlığı vardır. Gürcüstanda siyasi hakimiyyətə qarşı duran rusyönümlü müxalifət də var. Görünən odur ki, Fransanın silah siyasəti Gürcüstanın avroməkana inteqrasiya etməsindən keçir. Heç şübhəsiz, bu məsələdə Gürcüstana müəyyən təzyiqlər də olub. Amma ehtimal etmək olar ki, bu məsələdə Gürcüstan Azərbaycan tərəfini məlumatlandırıb. Hazırda Bakıda Türkiyə ilə birlikdə Gürcüstan müdafiə nazirinin də birgə iclasın keçirməsi bu faktı təsdiqləyir. Bu onu deməyə əsas verir ki, Gürcüstan bölgədə Azərbaycan tərəfindən təklif olunan sülh və təhlükəsizlik siyasətinə sadiqdir. Əks halda bugünkü ordu masasında istəsəydi belə yer ala bilməzdi”.

A.Əliyev qeyd edib ki, Gürcüstan da bölgənin təhlükəsizlik açarının Azərbaycan olduğunu çox gözəl anlayır.

“Enerji təminatçısı məhz Azərbaycandır. Bunlar olduqca mühüm faktlardır. Ehtimal etmək olar ki, bu tədbir Gürcüstanın Azərbaycana olan loyal münasibətinin nümunəsi kimi qəbul ediləcək. Ən azından ona görə ki, hazırda Gürcüstan Ermənistanın mövqeyini dəstəkləyən nə bəyanat nə də ki, addımlar atmır”.

Rəfiqə NAMAZƏLİYEVA