- Müşahidə məntəqəsi
- 29 Noyabr 2023 18:37
- 7 921
Makronun Mərkəzi Asiyaya səfərlərinin pərdəarxası
Fransa prezidenti Emmanuel Makron 2-3 noyabr 2023-cü il tarixlərində Qazaxıstan və Özbəkistana səfər edib. Bu səfər Fransanın Mərkəzi Asiyadakı strateji məqsədlərinə çatmaq üçün mühüm addım kimi qiymətləndirilir. Necə ki, Rusiyanın uzun illər yeganə məqsədi isti dənizlərə çıxmaq idi, Fransanın Mərkəzi Asiyada fəal rol oynamaq istəyi həmişə onun əsas məqsədlərindən biri olub.
Digər tərəfdən, Makronun səfərinin rəsmi məqsədi Qazaxıstan və Özbəkistanla ticari və ikitərəfli əlaqələri yaxşılaşdırmaq olub. Bununla belə, səfərin arxasında daha dərin strateji məqsədlərin dayandığını da gözardı etmək olmazdı. Fransa lideri nə etmək istəyir?
Bunlardan biri də Fransanın enerji təhlükəsizliyini təmin etmək idi. Çünki Mərkəzi Asiya dünyanın ən böyük uran ehtiyatlarına ev sahibliyi edir. Fransa nüvə enerjisinə böyük əhəmiyyət verən və uran tələbatının əhəmiyyətli hissəsini Mərkəzi Asiyadan ödəyən bir ölkədir. Makronun Mərkəzi Asiyanın iki ən mühüm ölkəsinə səfəri, vaxtı ilə əlaqədar olaraq, Fransanın TDT Sammitindən əvvəl öz geosiyasi hədəfləri ilə bağlı mesajlar vermək istədiyini göstərir. Bu məqamda Parisin türk dünyasındakı inteqrasiya prosesindən narahat olduğunu iddia etmək olar. Çünki, Fransa Rusiya-Ukrayna müharibəsindən sonra Moskva administrasiyasının Mərkəzi Asiyaya marağının azalmasını özü üçün fürsətə çevirməyə çalışır.
Digər strateji məqsəd Fransanın regional təsirini artırmaqdır. Mərkəzi Asiya son illərdə geosiyasi əhəmiyyətini artıran regiona çevrilib. Çin və Rusiya kimi güclər regionda ciddi rəqabətdədir. Makronun səfəri bizə göstərir ki, Fransa bu rəqabətdə söz sahibi olmağa çalışır. Parisin regional siyasəti üçün əsas problem Çinin xüsusilə “Bir Kəmər və Yol” layihəsi vasitəsilə region dövlətləri üzərində qazandığı iqtisadi təsirdir. TDT əsasında həyata keçirilən inteqrasiya prosesləri Fransanın bölgədə yeni rəqibinin olması deməkdir. Ona görə də demək olar ki, TDT Sammitindən əvvəl Astana və Səmərqəndə səfər edən Makronun beynindəki plan Qazaxıstan və Özbəkistanın Türkiyə ilə yaxınlaşmasının qarşısını almaq olub. Bu kontekstdə Paris təkcə Mərkəzi Asiyada deyil, həm də Qafqazda Ermənistanla silah müqaviləsi bağlayaraq regional sülhə və regionlararası inteqrasiya axtarışlarına xələl gətirməyə çalışır. Mərkəzi Asiyadan, Xəzər dənizi üzərindən, Qafqaza, oradan da Türkiyə vasitəsilə Avropaya enerji və logistika xətti, yəni Orta Dəhliz mövcuddur ki, Paris Türk Dünyasının ortaq layihəsi olan Orta Dəhlizə qarşıdır. Almaniya kimi aktyorlar Orta Dəhlizin sabitliyinə əhəmiyyət versə də, Fransa Zəngəzur Dəhlizi prosesi vasitəsilə Orta Dəhlizi sabotaj etməyə çalışır.
Digər tərəfdən, Fransanın regional səfərlərinin yeganə məqsədi təbii ki, Türkiyə və TDT-yə mesaj vermək cəhdi deyil. Bu məqamda Paris bir tərəfdən Mərkəzi Asiya dövlətlərinin Çinə olan marağını azaltmağa çalışır, digər tərəfdən də öz iqtidarını gücləndirməklə region dövlətləri ilə iqtisadi əlaqələr qurub bu dövlətləri ideoloji və geosiyasi müstəvidə öz tərəfinə çəkməyə çalışır. Burada strateji məqsəd Rusiyanı cənubdan mühasirəyə almaqdır.
Digər tərəfdən, Fransanın Qazaxıstanla bağlı çox daha mühüm gözləntiləri var. Bu, Qazaxıstanın uranla zəngin ölkə olması ilə bağlıdır. Paris administrasiyası, xüsusən Afrikada baş verən çevrilişlərdən və fransız müstəmləkəçiliyinin Nigeriyadan sıxışdırılmasından sonra Qazaxıstana marağı artıb. Özbəkistanda marağa uran amilinin təsiri danılmazdır.
Bundan əlavə, Makronun Astana səfəri zamanı Fransanın Qazaxıstana “Ground Master 400” müdafiə radarlarını satacağının elanı Parisin Mərkəzi Asiya paytaxtları ilə əlaqələrinin hərbi müstəvidə də yaxşılaşacağını göstərdiyi üçün çox önəmlidir.
Amma türk dünyasına inteqrasiya Parisin qarşısında duran yeganə problem deyil. Paris Çinə mənim burada olduğum mesajını verməyə çalışsa da, digər tərəfdən, Rusiyanın təsirini qırmağa və əslində Rusiyanın cənubunda anti-Moskva oxu yaratmağa çalışır. Lakin buna nail olmaq asan deyil. Üstəlik, Makronun xarici siyasətdə uğurlu olduğu cəbhə yoxdur.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi