Qərb yenidən Azərbaycanla dil tapmağa cəhd edir - Politoloq

“Blinkenin Azərbaycan Prezidenti ilə danışığı və Toivo Klaarın Ankaraya səfəri təsadüfi deyil. Təbii ki, Blinkenlə keçirilən telefon danışığı zamanı cənab prezident Amerikanın son vaxtlar Azərbaycana qarşı tutduğu anti-Azərbaycan mövqeyini və ya qərəzli yanaşmasını açıq şəkildə Blinkene bildirib. Eyni zamanda C. O’Brayenin açıqlamasını da onun nəzərinə çatdırıb. Bildirib ki, bu cür açıqlama Amerikanın Cənubi Qafqazdakı imkanlarını zəiflədəcək”.

Bunu AzNews.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov deyib.

O bildirib ki, Cənubi Qafqazda olmağın yolunun Azərbaycanla əlaqələrdən keçdiyini Amerika da yaxşı bilir.

“Blinken vəziyyətin gərginləşməsini gözləmədən proseslərə müdaxilə etməyə çalışır ki, qarşısını alsın. Əlbəttə, burada azərbaycanlı nümayəndə heyətinə qoyulan qadağalar aradan qalxır və O’Brayenin Azərbaycana səfəri nəzərdə tutulur. Bunların hər biri çox önəmlidir. Toivo Klaar isə yaxşı bilir ki, regional aktor olaraq Türkiyənin burada çox böyük nüfuzu, rolu var. Türkiyənin razılığını almadan nə Avropa İttifaqı, nə Amerika və digər dövlətlər bu ölkəyə girə biləcəklər. Girsələr belə qala bilməyəcəklər, çünki sıx Türkiyə-Azərbaycan müttəfiqliyi onlara mane olacaq birinci səbəbdir. Son zamanlarda ABŞ- və Avropa İttifaqı xüsusilə Cənubi Qafqazla bağlı mövqeyində elə bir yanaşma sərgiləyiblər ki, bu Azərbaycan və Türkiyə üçün xoş deyil. Hesab edirəm ki, Blinkenin zəngi və Toivo Klaarın səfəri Qərbin ciddi narahatlığından irəli gələn məsələdir. Bu səfərlər təsadüfi deyil, bu, Qərbin yenidən Azərbaycan ilə dil tapmaq cəhdləri kimi dəyərləndirilə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA