Politoloq: "Ermənistan gərək bu prosesə məsuliyyətlə yanaşsın”

“Alen Simonyan, Nikol Paşinyan, Ararat Mirzoyan da çox gözəl anlayırlar ki, sülh sazişinin imzalanmaması Ermənistanın ucbatındandır. Azərbaycan öz mövqeyini çoxdan bildirib. Biz bu günə kimi Ermənistanın bəhanə axtarma çabalarını görürdük. Ermənistan gərək bu prosesə məsuliyyətlə yanaşsın”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi ekspert Tofiq Abbasov deyib.

O, Alen Simonyanın dediyində belə bir “istəsək, günü sabah da biz bunu edə bilərik” mesajı olduğunu deyib.

"Ermənistanın ən böyük bəlası yad qüvvələrin dediklərinə uymasıdır. Dəfələrlə sülh bağlamağa hazır olduqlarını bildirdikləri halda icra etməməklərinin səbəbi odur ki, onlar ancaq dil qəhrəmanlığı ilə məşğuldurlar. Ən yaxın zamanda Alen Simonyanın nə dərəcədə auditoriya ilə səmimi olduğunu biz biləcəyik. Əlbəttə, bu məsələni süni surətdə tələsdirmək də, ləngitmək də olmaz. Ona görə ki, ləngidikcə kənar qüvvələr çalışırlar bura nüfuz etsinlər və Azərbaycan-Ermənistan arasında yenidən qarşıdurma abu-havasını gündəmə gətirsinlər. Biz də dəfələrlə demişik ki, müharibə səhifəsini bağlamağa hazırıq. İndi isə söz Ermənistanındır”.

Rəfiqə NAMAZƏLİYEVA