Ermənistanın Fransa silahlarını təxribat üçün istifadə etməyəcəyinə heç kim təminat verə bilməz - Hərbi ekspert

“Ermənistanın hərbi-siyasi rəhbərliyi məhz İkinci Qarabağ müharibəsindən sonra sülhlə bağlı müəyyən fikirlər bildirsə də, əməl olaraq biz bunun tam əksini müşahidə etməkdəyik. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın bir çox öhdəliyi var idi. Onlar heç biri yerinə yetirilmədi və nəticə etibarilə də Azərbaycan Ordusu anti-terror tədbirlərini həyata keçirməyə məcbur oldu. Anti-terror tədbirlərindən sonra ortaya çıxan mənzərə tamamilə Ermənistanın sülh ilə bağlı bir daha hər hansı niyyətinin olmadığını üzə çıxardı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, bu gün yenə Ermənistan riyakarcasına öz havadarları tərəfindən adı müdafiə silahları olsa da, məhz Ermənistanın silahlandırılmasında çox israrlı görsənirlər.

“Heç kim bu gün zəmanət verə bilməz ki, Fransa tərəfindən Ermənistana göndərilmiş radiolokasiya sistemləri və eyni zamanda “Mistral” hava hücumundan müdafiə sistemlərini hansısa təxribat üçün istifadə edilməyəcək. Bunun davamı olaraq Fransadan Ermənistana “Bastion” tipli zirehli texnikaların çatdırılması bu texnikaların sayının artırılması da bir daha Ermənistan tərəfinin riyakar məqsədini ortaya qoyur. Həmçinin Fransa tərəfinin də “Sezar” özüyeriyən artilleriya qurğularını Ermənistana tədarük etməsi məsələsi artıq müzakirə olunur. İstisna etmirəm ki, məhz həmin texnikaların Ermənistana çatdırılması prosesi həyata keçiriləcəkdir. Artıq baş verən proseslərdən və bir çox aspektdən məsələyə yanaşdığımız zaman Ermənistan sadəcə zaman qazanmaq üçün çox riyakar variantlara əl atmaqla ictimaiyyəti, eyni zamanda beynəlxalq aləmi aldatmaqla vaxt qazanmaq istəyir. Bu zaman içərisində də məhz havadarlarının ona söz verdiyi silah-sursatın təchizatını, təminatını həyata keçirilməsi ilə məşğuldur”.

A.Bayramov qeyd edib ki, həmin silah-sursatın Ermənistan ordusuna uyğunlaşdırılması və onu istifadə edəcək peşəkar heyətin hazırlanması üçün də məhz Fransa tərəfindən ora təlimatçı hərbiçilərin göndərilməsi nəzərdə tutulur.

“Hər iki tərəfin Ermənistan və onun havadarlarının ikiüzlü məqsədlərini açıq-aydın şəkildə göstərir. Əlbəttə ki, biz bununla yanaşı Ermənistan və onun dəstəkçilərinin belə davranışlarına baxdığımız zaman Azərbaycan tərəfinin də mütləq şəkildə buna adekvat cavab tədbirləri olaraq bir çox fəaliyyəti həyata keçirməsini görürük. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfi qəti qələbə əldə edib. Ancaq bununla yanaşı ordumuzda daima inkişaf və islahatlar, ordu quruculuğunun daha da dinamik olaraq inkişafına nail olmaq üçün bütün zəruri addımlar və tədbirlər görülür. Yeni hərbi hissələrin yaradılması, şəxsi heyətin yeni silah-sursatla, texnoloji vasitələrlə təmin olunması ondan xəbər verir ki, istənilən mövzuda biz Ermənistan tərəfindən üç addım öndəyik. İstənilən halda, istənilən təxribatın qarşısının alınması üçün Azərbaycan Ordusunun yetərincə gücü var və bütün bu təxribatların pozulmasına, düşmənə layiqli cavabın verilməsinə qadirdir”-, deyə o əlavə edib.

Rəfiqə NAMAZƏLİYEVA