Ermənistan bilməli idi ki, yeganə çıxış yolu Azərbaycanla əməkdaşlıqdır Ermənistan bilməli idi ki, yeganə çıxış yolu Azərbaycanla əməkdaşlıqdır

Zəngəzur dəhlizinin açılması sürətlənə bilər - Ekspert

Ermənistan bilməli idi ki, yeganə çıxış yolu Azərbaycanla əməkdaşlıqdır

“Ermənistan və Rusiya arasında olan münasibətlərin gərginləşməsi fonunda Yuxarı Lars sərhəd-keçid məntəqəsində kilometrlərlə tıxac yaranıb. Burada sanitar, fitosanitar normaların pozulmasına dair iddialar mənə elə gəlir ki, sünidir və qəsdən qabardılır. Bütün bunlar Ermənistanın geopolitik mövqe dəyişməsi, Qərbə doğru irəliləməsi fonunda baş verir. Əslində bu gözlənilən idi. Ermənistan bunları öncədən hesab etməli idi. Buna uyğun müəyyən addımların atılması tələb olunurdu”.

Bunu AzNews.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O, ABŞ-la Ermənistan arasında Rusiyanın erməni mallarını boykot etməsi, kritik infrastruktur sahələrinə ziyan vurması və enerji sahəsində yarana biləcək problemlərin istiqamətində də bir yol xəritəsi hazırlandığını deyib.

“Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan bunu gözə alır və buna uyğun davranır. Lakin Gürcüstan ərazisindən keçən yol məlumdur ki, soyuq qış aylarında buz bağlayır, keçilməz olur. Məhz bu səbəbdən Zəngəzur dəhlizi öz aktuallığını qoruyur. İqlim münasibdir, relyef yüklərin daşınması üçün əlverişlidir. Yeni geosiyasi reallıqlar, iqtisadi-ticari münasibətləri də aktuallaşdırır. Ermənistan cəmiyyətində artıq Azərbaycandan yardım istənilməsi tələblərini də biz eşidirik. Ermənistanın siyasi elitası bunu əvvəlcədən düşünməli, bilməli idi ki, Azərbaycanla əməkdaşlıq yeganə çıxış yoludur. Azərbaycana qarşı ərazi iddialarına son qoymaq lazımdır. Heç bir əsas olmadan Azərbaycana qarşı iddialar irəli sürmək, etnik təmizləmə siyasəti aparmaq bu cür acı və faciəvi nəticələrə gətirib çıxara bilər. Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması baş verən hadisələr fonunda sürətlənə bilər. Məhz Ermənistan üçün Şimal-Cənub nəqliyyat dəhlizi sayılan bu marşrutda yaranan əngəllər Şərq-Qərb nəqliyyat dəhlizini bir qədər də aktuallaşdırır. Ümid edək ki, yaxın gələcəkdə Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı daha ciddi praktiki addımlar atacaqdır”.

Rəfiqə NAMAZƏLİYEVA