Zaxarova erməni cəmiyyətinə xatırladır ki, Qərb onlara sadəcə vəd verir - Ekspert

“Maria Zaxarovanın erməni xalqına ünvanlı mesajı əlbəttə ki, diqqətə alınmalıdır. Nəzərə alsaq son bir neçə ayda Rusiya və Ermənistan arasında münasibətlər ciddi şəkildə kəskinləşib. Ermənistanla Rusiya rəsmiləri arasında qarşılıqlı söz atışması və açıqlamalar davam etməkdədir. Rusiya tərəfindən bu proseslərdə ön sırada Mariya Zaxarova gəlir. Heç təsadüfi deyil ki, bu şəxs Ermənistan mediasının anti-Rusiya mövqeli ekspert və siyasətçiləri tərəfindən daim hədəfə alınır”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi ekspert Oqtay Qasımov deyib.

O qeyd edib ki, Mariya Zaxarova bir formada Ermənistana, erməni cəmiyyətinə mesaj ötürərək xatırlatmaq istəyib ki, Qərb onlara sadəcə olaraq vədlər verib ancaq Rusiya onlar üçün konkret olaraq əməli addımlar atıb.

“Fransadan göndərilən “Bastion” tipli zirehli texnika ilə bağlı Zaxarovanın söylədiyində təbii ki, müəyyən qədər həqiqət olsa da, eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan ordusunun son dövrlərə qədər əsas təchizatçısı Rusiya idi. Ermənistan ordusu tamamilə Rusiya istehsalı olan hərbi texnika və silahlarla təmin edilmişdi. Fransanın, Hindistanın digər ölkələrin Ermənistan bazarına girməsi əlbəttə ki, Rusiyanın kommersiya baxımından maraqlarına uyğun deyil. Həm də nəzərə almaq lazımdır ki, Rusiya və Qərb rəqabəti getməkdədir. Bu baxımdan fikirləri həmin kontekstdən dəyərləndirmək lazımdır”.

Rəfiqə NAMAZƏLİYEVA