Seçkilər Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinə xidmət edəcək - Politoloq

“Düşünürəm ki, bu dəfəki seçkilər əvvəlkilərdən fərqli olaraq daha əlamətdardır. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda, o cümlədən Şuşada, Xankəndində, Cəbrayılda, Zəngilanda, Laçında və digər azad olunmuş torpaqlarda baş tutacaqdır. Qeyd etmək lazımdır ki, ilk seçkilər 1991-ci ilin sentyabrında baş tutdu. Lakin həmin vaxt "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmamışdı. Bu akt 1991-ci il oktyabrın 8-də qəbul edildi. Sonrakı prezident seçkiləri dönəmində isə Azərbaycan ərazilərinin müəyyən hissələri artıq işğal altında idi. Bu baxımdan 2024-cü ildəki seçkilər kifayət qədər önəm və əhəmiyyət kəsb edir. Artıq ərazi bütövlüyü təmin olunmuş güclü Azərbaycanda Prezident seçkiləri baş tutacaqdır”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O qeyd edib ki, prezident seçkilərinin daha tez keçirilməsində məqsədə gəldikdə isə bu mövzunu daha geniş prizmadan, bölgədə baş verən proseslər fonunda nəzərdən keçirmək lazımdır

“Biz bilirik ki, region böyük dövlətlərin geosiyasi toqquşma meydanına çevrilməkdədir. Burada xüsusilə də Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı yeni geosiyasi reallıqlar, bu reallıqla barışmaq istəməyən qüvvələrin, eyni zamanda Rusiya-Ukraniya müharibəsi fonunda Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun zəifləməsindən istifadə edən dövlətlərin maraqlarının toqquşması məsələsi nəzərdən keçirilməlidir. Belə olduğu halda sözsüz ki, Azərbaycanın qalibiyyətini həzm etməyən qüvvələr regiona destruktiv müdaxilələr həyata keçirə bilərlər. Düşünürəm ki, bu baxımdan seçkilərin keçirilməsi Azərbaycanın daha da möhkəmlənməsinə və Azərbaycanda xalq, dövlət birliyinin bir daha təsbit olunmasına kömək edəcəkdir. Eyni zamanda potensial zərərverici qüvvələrin müdaxilələrindən qorunmasına da xidmət edəcək”.

Politoloq qeyd edib ki, seçkilərin daha tez keçirilməsinin labüd olduğunu düşünür.

“Bəzən deyirik ki, Amerika, Fransa demokratiyanın simvollarıdır. Ancaq bu ölkələr tarix boyu digər regionlara müdaxilə edərək öz maraqları naminə həmin regionlarda xaos və nifaq toxumları səpmişdilər. İstisna olunmur ki, Cənubi Qafqazda da bu dövlətlərin məkrli planları özünü göstərməsin. Bu məkrli planların qarşısının alınması üçün təbii ki, xalq birliyi vacibdir. Dövlətin siyasi mədəniyyətinin, ideologiyasının möhkəmlənməsi üçün bu vacibdir. Bu məqsədlərə nail olmaq üçün seçkilərin daha erkən keçirilməsi də zəruri görsənirdi. Azərbaycanın maraqlarına xidmət edəcək bir hadisədir və bundan Azərbaycan xalqı qalib çıxacaqdır. İstənilən halda Azərbaycan regionda öz sözünü deyən bir dövlətə çevrilib. Hesab edirəm ki, bu seçkilər bir daha Azərbaycanın həm regional, həm də beynəlxalq statusuna, dövlətçiliyinin möhkəmlənməsinə xidmət edəcək”-, deyə o əlavə edib.

Rəfiqə NAMAZƏLİYEVA