Bu, Ermənistanın revanşist niyyətlərindən əl çəkməsi barədə mesaj kimi qəbul oluna bilər - Elçin Mirzəbəyli

“Ermənistan konstitusiyasına görə bu ölkədə növbəti parlament seçkiləri 2026-ci ilin dekabrında keçirilməlidir. Ermənistanda bəlli olduğu kimi ölkə parlament tipli respublikadır və təbii ki, baş nazir də parlamentdə seçilir. Siyasi hakimiyyət, hökümət parlamentdə formalaşdırılır. Bu aspektdən indiki şəraitdə, xüsusilə də Nikol Paşinyan hakimiyyəti üçün əsas olan bir dönəmdə Ermənistan rəhbərliyinin öz siyasi mövcudluqlarını riskə atacağını düşünmürəm. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi kifayət qədər əsaslandırılıb və bu əsaslandırmaların ən vacib aspektlərindən biri də ondan ibarətdir ki, yeni bir mərhələ başlayıb”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert qeyd edib ki, cənab Ali Baş Komandan İlham Əliyev iki yüz ildən bəri gerçəkləşməyən Azərbaycan xalqının arzularını reallaşdırdı və əslində bu seçki həm də bayram əhval-ruhiyyəli yeni bir dövrə qədəm qoymağımızın simvolu kimi də vacib əhəmiyyət daşıyır.

“Ermənistan özünün yürütdüyü siyasət nəticəsində iflasa uğrayan bir dövlətdir. Nəticə etibarilə Azərbaycan torpaqlarının işğal altında saxlaması bu ölkəyə heç nə vəd etməyib və gətirməyib.

Düşünmürəm ki, bu baxımdan Ermənistan siyasi rəhbərliyinin seçkilərə qatılması üçün hər hansı bir səbəb var. Nəticədə Ermənistan ancaq özünün xarici himayədarlarının bilavasitə təhriki ilə müəyyən siyasi addımlar ata bilər. Ölkə daxilində yalnız siyasi addımlar ata bilər ki, Rusiyanın nüfuz dairəsindən çıxarılmasının gücləndirilməsi üçün zəmin yaratsın. Hazırda bu prosesin real olacağı barədə proqnoz vermək çox çətindir. Əgər Nikol Paşinyan seçkiyə getsə, əleyhdarları üçün ona qarşı mübarizədə legitm imkanlar yarada bilər. Bu prosesdən də şübhəsiz ki, yararlanmaq mümkündür”.

E. Mirzəbəyli həmçinin əlavə edib ki, Nikol Paşinyan seçkiyə getsə və uğur qazansa, bu, Ermənistanın bütövlükdə revanşist xalq olaraq niyyətlərindən əl çəkməsi barədə mesaj kimi də qəbul oluna bilər.

“Düşünmürəm ki, Nikol Paşinyan hakimiyyətini birdən-birə risk altına atsın. Çünki 2026-cı ilə qədər kifayət qədər vaxt var. Bu zaman kəsiyində Paşinyanın da çox güman mövcud imkanlardan istifadə edərək öz rəqiblərini zəiflədəcəyinə və mövqelərini gücləndirəcəyi istiqamətində cəhdlər göstərməsi daha inandırıcı görünür. Eyni zamanda Azərbaycan ilə Ermənistan arasındakı danışıqlar prosesinin hər hansı bir formada Ermənistandakı siyasi hakimiyyətin durumu ilə yaxud Ermənistanda keçiriləcək və ya keçirilməsi ehtimal olunan seçkilərlə əlaqələndirilməsini doğru hesab etmirəm”.

Rəfiqə NAMAZƏLİYEVA