Politoloq: "Sülhməramlıların Azərbaycanda qalmağını şərtləndirəcək heç bir amil mövcud deyil”

“Rusiya sülhməramlılarının artıq Azərbaycanda qalması formal xarakter daşıyır. Hətta Rusiya sülhməramlılarının ölkə ərazisində formal qalmağı ilə bağlı Rusiyanın dövlət başçısı Vladimir Putinin də mövqeyi var. Hətta sülhməramlıların özünə də bəllidir ki, bu gün onların Qarabağda mövcudluğu ciddi bir əsasa söykənmir. Sadəcə olaraq formal xarakterlidir. Formallığa görə də hansısa bir müddətin tamamlanmağını gözləyə bilərlər. Məsələ ondan ibarətdir ki, faktiki rus sülhməramlılarının Azərbaycan ərazisində qalma müddəti 2025-ci ilə qədər müəyyən edilibdir".

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib.

O qeyd edib ki, artıq Azərbaycan lokal anti-terror əməliyyatları ilə seperatçılığın kökünü kəsdikdən sonra bu gün Xankəndidə az sayda ermənilər qalıb ki, onlar da Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycanın inteqrasiya fonunda çox rahat şəkildə Qarabağ ərazisində yaşaya bilərlər.

“Belə olduğu təqdirdə həqiqətən də rus sülhməramlılarının orda qalmağı üçün heç bir əsas yoxdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, sülhməramlılar indiki məqamda formal olaraq mövcud ola bilərlər. Ola bilsin ki, müəyyən edilmiş vaxtlarında 2025-ci ildə bu formallıq başa çatacaq və sülhməramlılar həmin əraziləri tərk edəcəklər. Ancaq gözlənilməz hadisələr də ola bilər. Həmçinin Azərbaycan və Rusiya qarşılıqlı anlaşaraq da vaxtından erkən sülhməramlıların əraziləri tərk etməsinə nail ola bilərlər. Hazırkı məqamda sülhməramlıların Azərbaycan ərazisində qalmağını şərtləndirəcək heç bir amil mövcud deyil”.

Rəfiqə NAMAZƏLİYEVA