- Müşahidə məntəqəsi
- 15 Dekabr 2023 15:26
- 7 013
Qafqazda Rusiyanın etibarlı əməkdaşlığı məhz Azərbaycanla qurulub - Siyasi şərhçi
“Rusiyada növbəti ildə seçkilərin keçirilməsi və onun hansı məcrada siyasi münasibətlərə təsir edəcəyi bir neçə faktordan asılıdır. Birincisi, hazırki prezidentin seçkilərdə qalib gəlməsi və təsdiqlənməsi lazımdır.
İkincisi, seçilən prezidentin əsas vəzifəsi Ukrayna müharibəsindəki vəziyyəti öz xeyrinə dəyişmək olacaq. Bu ən ümdə vəzifədir. Üçüncüsü isə Rusiya hazırda bir sıra iqtisadi sanksiyalar altındadır. Demək olar ki, dünyanın üçdə ikisinin Rusiya ilə əlaqəsi yoxdur. Bu məsələlərin həlli Rusiya üçün əsas istiqamətlərdən biridir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Amid Əliyev deyib.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanın Qərbə yönəlməsi və Gürcüstanın Avrozonaya inteqrasiyası olduqca təhlükəli addımlar hesab oluna bilər.
"Rusiya da bunu həzm etmir və etməyəcək də. Ehtimal olunur ki, Rusiya Federasiyasının əsas hədəfləri bu iki ölkə olacaq. Azərbaycan öz qələbəsini və ərazi bütövlüyünün bərpasını məhz indiki siyasi hakimiyyət dövründə həll etdi. Seçkilərdə də məhz bu kabinetin qalib gələcəyini nəzərə alsaq, onda ciddi dəyişiklikləri gözləmək olmaz. Əksinə hazırki məqamda Azərbaycan Rusiya üçün olduqca vacib tərafdaş rolunda çıxış edir. Qafqazda Rusiyanın etibarlı əməkdaşlığı məhz Azərbaycanla qurulub. Rusiya bu faktoru itirmək fikrində deyil. Dəfələrlə Rusiya prezidenti Vladimir Putin Azərbaycanın mövqeyini dəstəkləyən fikirlər səsləndirib. Seçkidən sonra isə xarici siyasətdə Azərbaycana qarşı radikal mövqeyin tutulması Rusiya Federasiyası üçün arzu olunmayan yeni alternativləri müəyyən edə bilər”, - deyə o əlavə edib.
Rəfiqə NAMAZƏLİYEVA