Serbiyadakı prezident seçkiləri bölgəmizdə baş verən proseslərə təsir edə bilər - Politoloq

“Serbiyada keçirilən prezident seçkilərinin nəticələri müəyyən qədər də olsa bölgəmizdə baş verən proseslərə təsir edə bilər. Çünki ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə uyğun olaraq siyasi kursda xarici ölkələrlə, dost ölkələrlə münasibətlərdə müəyyən dəyişikliklər mümkündür. Hesab edirəm ki, bu sərt dəyişikliklərə və sərt xarici siyasi kursa səbəb olmayacaq”.

Bunu AzNews.az-a açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, Azərbaycan daim Serbiya ilə xoşniyyətli dostluq və qardaşlıq münasibətləri qurmuşdur.

“Azərbaycanın xarici siyasəti praqmatik, dostcasına və ləyaqətli olub. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə daim ölkəmizin milli maraqlarına uyğun olan siyasət yürütmüşük. Düşünürəm ki, bu gələcəkdə də belə olacaq. Serbiya və Azərbaycan arasındakı münasibətlər əməkdaşlıq və tərəfdaşlıqlar gələcəkdə yüksələn xətt üzrə inkişaf edəcək. Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsi, bölgədə əvəzedilməz siyasi tərəfdaş olması dünyanın bir çox ölkələri ilə xoş münasibətdə dostluq, qardaşlıq münasibətləri qurması hansısa ölkədə baş verən hakimiyyət dəyişikliklərinin nəticəsi olaraq münasibətlərin pis bir məcraya yönəlməsinə gətirib çıxara bilməz. Azərbaycan hər daim bütün tərəfdaşları ilə xoşniyyətli münasibətlər qurur”-, deyə o əlavə edib.

Rəfiqə NAMAZƏLİYEVA