- Müşahidə məntəqəsi
- 20 Dekabr 2023 17:42
- 11 749
Oqtay Qasımov: "Azərbaycan özünün əsas hədəflərinə çatıb"
"Yaxın bir neçə ay ərzində Azərbaycanla Ermənistan arasında hansısa iri hərbi əməliyyatların olacağını ehtimal etmirəm. Çünki bunun üçün xüsusi əsas yoxdur. İlk növbədə ona görə ki, Azərbaycan Prezident seçkilərinə gedir. Digər tərəfdən hazırda tərəflər arasında müəyyən danışıqlar aparılır. Dekabrın 7-də tərəflər birgə bəyanat imzalayaraq bölgədə sülh şəraitinin yetişdiyi ilə bağlı fikirlər səsləndirdilər. O cümlədən münasibətlərin normallaşması üçün digər vasitəçi tərəflərə də bu prosesə dəstək olmaqla bağlı çağırış etdilər. Bütün bunların fonunda hansısa kəskin addımlar atılacağı ehtimal edilmir. Təbii ki, bu məsələdə Azərbaycan maraqlı deyil. Bununla da bağlı öz mövqeyini dəfələrlə ifadə edib. Hətta bir müddət öncə Ermənistan və o cümlədən beynəlxalq mediada Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı təxribatçı xəbərlərin tirajlanmaqdakı səbəbi Azərbaycanın beynəlxalq miqyasda mənfi obrazını yaratmaq idi. Azərbaycan isə bu təzyiqləri azaltdı və dəfələrlə yüksək səviyyədə elan olundu ki, Azərbaycanın Ermənistanda hansısa hərbi hədəfləri yoxdur.
Anklavlarla bağlı məsələ isə hesab edirəm ki, delimitasiya komissiyasının işində baxıla biləcək mövzulardandır. Nəzərə alsaq ki, Ermənistanın baş naziri may ayında verdiyi açıqlamada Azərbaycan Respublikasının ərazisini rəqəmlərlə tanıdığını bildirdi və həmin rəqəmlərə Qarabağın həmçinin anklavların da daxil olduğunu açıqladı".
Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Siyasi şərhçi qeyd edib ki, anklavların qaytarılması ilə bağlı məsələdə Ermənistan bir formada özünü müəyyən qarantiyaya almaq istəyir.
"Digər tərəfdən də rəsmi İrəvanın cəmiyyətdəki emosiyaları müəyyən qədər sakitləşdirməyə yönəlik bir siyasət var. Belə ki, qeyd olunan anklav kəndləri olduqca strateji mövqelərdə yerləşirlər. Həmin kəndlərdən həm İrəvanı Zəngəzur sərhədi ilə, həm də Ermənistanı Gürcüstanla bağlayan magistral keçməkdədir. Düşünürəm ki, bu məsələr həllini tapdıqdan sonra anklavlar məsələsi də həll olunacaq. Azərbaycan özünün əsas hədəflərinə çataraq, anklavlar xaric bütün beynəlxalq hüquqla tanınmış ərazilərində suverenliyini tam şəkildə bərpa edib, separatizmin kökünü kəsmişdir. Artıq ölkə daxilində təhlükəsizliyimizə təhdid olacaq hansısa bir faktor qalmayıb".
Rəfiqə NAMAZƏLİYEVA