- Müşahidə məntəqəsi
- 27 Dekabr 2023 23:35
- 9 666
Sülh müqaviləsindən sonra Cənubi Qafqazda yeni siyasi mənzərə formalaşacaq - Politoloq
“Kreml müntəzəm olaraq Cənubi Qafqazla, sülh müqaviləsi ilə bağlı bu cür açıqlamalar verməklə əslində regional proseslərdə oyunçu olduğunu xatırlatmaq istəyir. Xüsusilə Qərb dövlətlərinə demək istəyir ki, biz burdayıq və bizsiz bu mümkün deyil. Biz proseslərdə birbaşa iştirakçıyıq. Müntəzəm olaraq sülh müqaviləsi ilə bağlı səslənən bəyanatda bunlar hesablanıb. Əslində Peskovun dediyində həqiqət var. Rəsmi Bakıda və rəsmi İrəvanda lazımi iradə var. Digər tərəfdən ehtimal olunan sülh müqaviləsi nəinki təkcə Azərbaycan və Ermənistanın, həm də ümumilikdə regionun xeyrinə olacaq. Ehtimal olunan sülh müqaviləsindən sonra Cənubi Qafqazda yeni siyasi mənzərə formalaşacaq”.
Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan hələ də kənar güclərin tam təsirindən çıxa bilmir və bütün tərəfləri qane etməyə çalışır. Nəticədə isə özü hansısa məsafəni qət edə bilmir.
“Etiraf edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın könlündəndir ki, sülh müqaviləsini imzalasın. Çünki başqa yolu olmadığını yaxşı bilir. Reallığı anlayır və daha alternativi yoxdur. Bəs niyə hələ də sülh müqaviləsini imzalamır? Ona görə ki, kənar güclərin diqtəsi var. Paşinyan bu diqtələri yerinə yetirməklə onları qane etməyə çalışır. Hətta bəzən özü istəməyərəkdən də yayınır. Bizə onsuz da sadəcə kağız parçasından ibarət olan sülh müqaviləsi lazım deyil. Bizə zəmanət verilmir ki, bu dəfə İrəvan ehtimal olunan sülh müqaviləsinə əməl edəcək. Deməli, ehtimal edilən təhlükənin qarşısını almaq üçün müəyyən şərait formalaşmalıdır. Bu şərait nədir? Sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılması, minalı ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsidir. Düşünürəm ki, bəzi məsələlər həllini tapmadan sülh müqaviləsi haqqında danışmaq bəlkə də hələ tezdir”.
Rəfiqə NAMAZƏLİYEVA
QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi sahəsi üzrə hazırlanmışdır.
.png)