Rusiya-İran münasibətlərinin gərginləşməsi Cənubi Qafqaza mənfi təsir edə bilər - Ekspert

“Rusiya və İran arasında münasibətlərin gərginləşməsi Cənubi Qafqaza da mənfi təsir edə bilər. Digər tərəfdən Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasında iştirakçıların yekun bəyanatı Tehranı hiddətləndirib. Bu cür geopolitik addımlar, hansısa tərəfkeşlik digər dövlətin maraqlarına təsir edir və onunla ziddiyyət təşkil edərək münasibətlərdə bu cür soyuqlaşmalar qeydə alınır. Rusiya ilə İranın Cənubi Qafqazı əhatə etməsi səbəbindən bu münasibətlərin normal məcraya qayıtması arzuolunandır”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq qeyd edib ki, Yaxın Şərqdə cərəyan edən proseslər müxtəlif dövlətlərin də geostrateji maraqları kontekstində dəyərləndirilir.

“İran və BƏƏ arasında münaqişəli Böyük və Kiçik Tunb, Əbu Musa adaları da artıq münaqişə məkanına çevrilib. Bu da arzuolunmaz bir ssenaridir. Çünki Yaxın Şərqdə bu günə qədər onsuz da həllini gözləyən problemlər mövcuddur. Qəzzada humanitar fəlakətin yaşanması və dağıntılar, yerüstü əməliyyatın keçirilməsi bunu göstərir ki, yeni münaqişələrə ehtiyac yoxdur. Siyasi diplomatik yollarla bütün münaqişələrin həllini tapmaq mümkündür. Diplomatik resurslar, bütün mümkün vasitələr, dinc yollar səfərbər edilməlidir”.

Rəfiqə NAMAZƏLİYEVA