Şahramanyanın "ölünün dirilməsi" barədə verdiyi bəyanatların əhəmiyyəti yoxdur - Politoloq

“Keçmiş qondarma rejimin başçıları və onların arxasında dayanan erməni klanının nümayəndələrinin son canfəşanlığının heç bir nəticə verməyəcəyini həm Ermənistanda, həm də regionun digər ölkələrində hamı yaxşı başa düşür. Əgər diqqət yetirsəniz görərsiniz ki, Azərbaycanın rəsmi dairələrinin reaksiyası da yox dərəcəsindədir. Bu gün heç Ermənistanda mövcud olan hakimiyyət Azərbaycan üçün danışıqlar aparmaq, müəyyən razılaşmalar imzalamaq səviyyəsində tərəf müqabili deyil. Göründüyü kimi, Azərbaycan Ermənistanla və ya sülh müqaviləsi ilə bağlı danışıqları daha qlobal dövlətlərlə aparır”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, belə oluğu halda qondarma "Artsax" başçılarının saman çöpündən yapışmaları Azərbaycan üçün nə ciddi əhəmiyyət kəsb edir, nə də təhlükə törədir.

“Bu gün Azərbaycan deyil, Ermənistan öz daxilindəki ikinci dövlətin mövcudluğuna qarşı mübarizə aparmalıdır. Bir neçə il bundan qabaq qondarma rejimin atdığı addımlar Azərbaycanı narahat edirdi. Azərbaycanın daxili işi olduğu üçün onlara qarşı ciddi tədbirlər gördü. Onların tör-töküntülərinin Ermənistanda fəaliyyətə başlamağa cəhd etmələri məhz Paşinyan və onun komandasına qarşı yönəlib. Ermənistandakı hakimiyyət özü onlara qarşı mübarizə aparmalı və onların çıxışlarının qarşısını almalıdır. Şahramanyanın "ölünün dirilməsi" barədə verdiyi bəyanatların da heç bir əhəmiyyəti yoxdur. Artıq onlar de-yure ləğv olunmasının saatlarını hesablayırlar”.

Rəfiqə NAMAZƏLİYEVA