Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün konstitusiyaya dəyişiklik etməlidir - Ekspert

“Nikol Paşinyan artıq bir neçə ildir ki, Türkiyə ilə münasibətlərin normallaşmasına cəhd edir. Türkiyə də təbii ki, buna daim hazır olduğunu bildirib. Türkiyə üçün həmişə əsas şərt Ermənistanın işğal siyasətini dayandırması idi. Artıq biz bilirik ki, Azərbaycan işğal faktorunu aradan qaldırdı. İndi isə Ermənistana Azərbaycanla yanaşı Türkiyə ilə normal münasibətlər qurmaq fürsəti yaranıb. Türkiyə və Ermənistanın bununla bağlı təyin etdikləri xüsusi nümayəndələrin görüşləri artıq bir neçə dəfə baş tutub. Tərəflər arasında normallaşma prosesi öz axarı ilə davam etməkdədir. Düzdür, artıq müəyyən vaxtdır səngimə var. Bu da ondan irəli gəlirdi ki, Ermənistan Qarabağdakı qondarma rejimi dəstəkləyirdi. Bu da sülh prosesinə maneə olan amillərdən biri idi. Azərbaycanın anti-terror tədbirləri nəticəsində bu amil də aradan qalxdı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Sultan Zahidov deyib.

O qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinin gündəmdədir lakin burada müəyyən maneələr var.

“O manelərdən biri də Ermənistan konstitusiyası və Ermənistanın müstəqilliyi haqqında bəyanatdır. Ermənistan konstitusiyasının 1-ci maddəsində qeyd olunub ki, Ermənistanın ümumilli məqsədləri Ermənistanın müstəqilliyi haqqında bəyanatında əks olunub. 1990-cı ildə qəbul olunmuş Ermənistanın müstəqillik bəyanatının 11-ci maddəsində açıq-aşkar qeyd olunub ki, Ermənistan 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda törədilən erməni soyqrımı faktının yayılması məsələsini dəstəkləyir. Eyni zamanda Ermənistan konstitusiyasının 23-cü maddəsində qeyd olunur ki, Ermənistan respublikasının gerbi mərkəzində Ağrı dağı olan bir dəbilqədir. Bütün bunlar sözsüz onu göstərir ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları var. Qərbi Ermənistan deyildiyində Türkiyənin Şərq hissələri nəzərdə tutulur. Xatırlatmaq istərdim ki, 2008-ci ildə Türkiyə-Ermənistan arasında başlanan danışıqlar “futbol diplomatiyası” nəticəsində iki ölkə arasında 2009-cu ildə diplomatik münasibətlərin yaradılması haqqında protokollar imzalanmışdı. O protokolla bağlı Ermənistan konstitusiya məhkəməsi birinci qərar çıxarmışdı ki, bu Ermənistan konstitusiyasına zidd deyil. Sonra isə müəyyən ziddiyyətlərin olduğunu və məhdudiyyətlərin olmasını qərar çıxarmışdı. Ermənistan tərəfi protokolu ləğv etmişdi. Həmin vaxt normallaşma prosesi baş tutmadı”.

Siyasi ekspert vurğulayıb ki, Paşinyanın qarşısında çətin bir maneə var və o tək tərəfli şəkildə konstitusiyadan bu bəndləri çıxara bilməz.

“Ermənistan qanunvericiliyinə görə konstitusiyada edilən dəyişikliklər ancaq referendumla baş tuta bilər. Yenə də bu referendum baş verməli ümumxalq səsverməsi ilə həmin konstitusiyada dəyişiklik edilib-edilməməsi xalq tərəfindən müəyyənləşdirilməlidir. Bunun da baş vermə ehtimalını o qədər yüksək dəyərləndirmirəm. Nəzərə alsaq ki, Ermənistanda hələ də türklərə qarşı fobiya meyilləri qalmaqdadır. Ermənilər sözdə yenə erməni soyqrımının gerçəkliyinə inanırlar. Belə olduğu halda millətçi erməni ideologiyasının təsirləri altında boğulan camaatın belə bir konstitusiyada dəyişikliklərə səsverməsi indiki halda inandırıcı görsənmir. İstənilən halda bu o demək deyil ki, Türkiyə-Ermənistan arasında normallaşma prosesi olmayacaq. Qeyd etmək istərdim ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi yaxınlaşdıqca Türkiyə-Ermənistan arasında da münasibətlərdə növbəti mərhələnin baş vermə ehtimalı var. Çox güman ki, yaxın zamanlarda növbəti görüş baş tutacaq. Əvvəl-axır iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi üçün Ermənistan konstitusiyasından müəyyən maddələrin çıxarılması labüddür”.

Rəfiqə NAMAZƏLİYEVA