İran Ermənistanı sülh müqaviləsinin imzalanmasını yubatmağa həvəsləndirir - Politoloq

“Cənubi Qafqazın geosiyasi və geostrateji baxımdan kifayət qədər əhəmiyyətli olmasını regional və beynəlxalq güclərin apardıqları mübarizədən çox asanlıqla hiss etmək olur. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra yeni geosiyasi reallığın formalaşması və Qərbin təsirləri bu gərginliyi daha da artırmaqdadır. Gərginliyin artmasında səbəb həm də Azərbaycanın tam suveren bir dövlət kimi öz gücünü artırması və iqtisadi, siyasi, hərbi istiqamətdə imkanlarını genişləndirməyə çalışması fonunda əsasən region dövlətlərinin keçirdiyi narahatlıqdır. Düzdür, dövlətlərin milli maraqları baxımından vəziyyəti dəyərləndirdikdə bunun normal olduğunu demək olar. Hər bir dövlət mövcud situasiyadan, yaranmış fürsətdən və geosiyasi şəraitdən maksimum istifadə etməyə çalışır".

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov deyib.

O qeyd edib ki, belə olan təqdirdə postmüharibə dövründə İranın Ermənistanla münasibətlərini daha da istiləşdirməyə çalışması və onu dəstəkləməyə davam etməsi, bu və ya digər sahələrdə ona yardımları artırması təsadüfi görünmür.

“Baxmayaraq ki, istənilən dövrdə Ermənistanla müqayisədə Azərbaycanla münasibətlər, iqtisadi-siyasi əməkdaşlıq İran üçün daha faydalıdır. İki ölkənin iqtisadi gücünü artıran, milli maraqlarına birbaşa xidmət edən kifayət qədər potensial imkanlar var. Elə dekabrın 29-da Astarada İran və Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsinin açılması buna bariz nümunədir. Sadəcə “arzu olunandan” daha çox Azərbaycanın hərbi-siyasi gücünü artırması, Türkiyə ilə əməkdaşlığını genişləndirməsi, Şərqi Zəngəzur ərazisindən onunla birbaşa nəqliyyat-kommunikasiya əlaqələrini bərpa etməyə çalışması, digər tərəfdən Ermənistanın Qərbə yaxınlaşması nəticəsində regiona təsir imkanlarının zəifləməsindəki narahatlıq İranı onunla əməkdaşlığını dərinləşdirməyə sövq edir. Çünki prosesin indiki formada davam etməsi İranın regionda geosiyasi mövqelərinin tamamilə zəifləməsinə gətirib çıxara bilər ki, o da bununla razılaşmaq istəmir.

Belə olan təqdirdə, ən yaxşı çıxış yolu kimi İran Ermənistanın hiyləgər, riyakar və revanşist mövqeyindən istifadə edərək onu sülh müqaviləsinin imzalanmasını yubatmaqla daha çox güzəştlər əldə etməyə həvəsləndirməsi ola bilər. Məhz İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Paşinyanın səfərindən dərhal sonra Ermənistana səfər etməsini İranın maraqlarının təmini baxımdan dəyərləndirmək düzgün olardı. Amma bu səfərin həyata keçirilməsində çox güman ki, Rusiyanın İran vasitəsilə Ermənistana təsir göstərmək, ona ciddi formada “lazımi mesajları” çatdırmaq istəyi də ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA