- Müşahidə məntəqəsi
- 9 Yanvar 2024 23:22
- 10 534
Azərbaycanla Ermənistan arasında ədalətli sülh üçün vasitəçilərə ehtiyac yoxdur - Siyasi şərhçi
“Azərbaycanla Ermənistan arasında ədalətli və layiqli sülhün əldə olunması üçün prosesə vasitəçilərin müdaxilə etməsinə ehtiyac yoxdur. Hazırda elə bir situasiya formalaşıb ki, iki ölkə arasında təmasların davam etdirilməsi və razılaşmaların əldə olunması mümkün görünür. Ötən ilin son aylarında iki ölkə arasında əldə olunan razılaşmalar bütövlükdə müstəqillik tarixində ilk dəfə olaraq iki ölkənin dövlət qurumlarının birgə bəyanat yaymaları bir daha təsdiqlədi ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün kənar iştirakçıların müdaxiləsi lazım deyil. Torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində məhz BMT TəhlükəsizlikŞurasının iç üzünü onlara verilən mandatın mahiyyətinə, prinsiplərinə xüsusilə də həmin mandatın 15-ci bəndində yer almış müddəalarına baxmayaraq sülhün əldə olunması və işğala son qoyulması istiqamətində addım atmırdılar. Onların geosiyasi maraqları nəticə etibarilə sülh prosesinin əldə olunmasına mane yaradırdı. Bu da sözsüz İkinci Qarabağ müharibəsinə, eyni zamanda BMT qətnamələrinin Azərbaycanın özü tərəfindən yerinə yetirilməsinə yol açmalı idi. Bu tarixi dərslərdən nəticə çıxardığımız üçün Azərbaycan dövlətinin siyasətindən belə görünür ki, birbaşa təmaslar indiki şəraitdə sülhün tez bir zamanda əldə olunması üçün vacib şərtlərdən biridir. ”
Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Siyasi şərhçi qeyd edib ki, Metyu Millerin nə də Mixail Qaluzin açıqlamaları regiondakı mövcud reallıqları əks etdirmir.
“Hazırkı şəraitdə biz daha çox ABŞ-ın dövlət departamentinin sözçüsünün açıqlamasına xüsusi diqqət çəkməyə vacib hesab edə bilərik. Çünki prinsip etibarilə Rusiya, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində həmin bəyanatının imzalanmasında iştirakçı kimi artıq yer alıb. İndiki halda Azərbaycan-Ermənistan arasında sülhün təmin olunmasında Rusiyanın birbaşa hər hansı bir maneə yaratmasının şahidi deyilik. Hər halda son təmaslar xüsusilə də ötən ilin sonunda MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşündə səsləndirilən fikirlər, açıqlamalar prosesə hansısa formada müdaxilənin olmayacağı ehtimalını yaradır. Təbii ki, biz hazırkı şəraitdə yalnız çərçivə sazişinin imzalanmasından danışa bilərik. Bu baxımdan Azərbaycan onsuzda kənar müdaxilələrə açıq deyil. Sülh prosesində hər hansı bir ölkənin birbaşa iştirakını və vasitəçi kimi yer almasını arzulamır. Bununla bağlı özünün prinsipal mövqeyini ifadə edir. Hazırda yeganə oyunçu Ermənistandır ki, prosesi mümkün qədər ləngitməyə hansısa bir qütbdən daha üstün bir mövqe almağa cəhd göstərir. Əlbəttə bunun da bir nəticəyə varacağını gözləmirəm. Həmçinin Ermənistanın bu qəbildən olan addımları da uzun müddətli ola bilməz. Çünki situasiya artıq müəyyən bir mərhələyə çatıb. Qənaətimə görə, qarşıdakı 6 ay ərzində sülh müqaviləsinin çərçivə sazişinin imzalanması istiqamətində addımların atılacağı ehtimalı var”.
Rəfiqə NAMAZƏLİYEVA