Rəsmi Bakı bununla xarici qüvvələrə ciddi mesajlar verir - Politoloq

"Bəzi xarici ölkələrin casus şəbəkəsi daim Azərbaycanda təxribat və pozuculuq fəaliyyəti ilə məşğul olmağa can atıb. Ölkəmizin xüsusi xidmət orqanları bu cəhdlərin qarşısını peşəkarlıqla alıb. Əlbəttə ki, bu mənfur cəhdlərin təməlində ilk növbədə Azərbaycana qarşı düşmənçilik və qərəzli siyasət dayanır. Həmin ölkələr Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan qətiyyətli siyasətini həzm edə bilmədiyindən bu cür pozuculuq fəaliyyəti ilə məşğul olurlar".

Bunu AzNews.az-a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O qeyd edib ki, qonşu İran, həmçinin bəzi Qərb dairələri, daha dəqiq desək, Fransa son illər bu istiqamətdə daha intensiv xarakterli cəhdlər edir.

"Məqsəd Cənubi Qafqazda gedən proseslərə nəzarət etmək, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində söz sahibliyi əldə etməkdir. Ancaq həmin ölkələr heç nəyə nail ola bilməyib. Son günlər İran və Fransa cəsus şəbəkəsinin ifşası da göstərir ki, Azərbaycan dövləti vəziyyəti tam nəzarət altında saxlayır. Pozuculuq fəaliyyətlərinin qarşısı da qətiyyətlə alınır. Rəsmi Bakı bununla həm də həmin ölkələrə, ümumiyyətlə, digər xarici qüvvələrə ciddi mesajlar verir. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və bütün dünya bununla barışmaq məcburiyyətindədir".

Rəfiqə NAMAZƏLİYEVA