Azərbaycan Fransanın diqtəsi altında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil - Politoloq

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin harada imzalanmasının prinsipal əhəmiyyəti var. Məhz bu imzalanmanı təşkil edən yaxud imzalanmanı öz ərazisində həyata keçirmək istəyən qüvvələr ABŞ, Aİ və Rusiyadır. Bildiyimiz kimi, bu üç platforma üzərində danışıqlar gedir. Sülh müqaviləsinin bu üç platformadan birində imzalanması nəzərdə tutulurdu. 2024-cü ilə qədər məhz bu qüvvələr arasında mübarizə gedirdi. ABŞ, o cümlədən Avropa İttifaqı sülh müqaviləsinin öz ərazisində imzalanmasını istəməsində məqsəd Rusiyanın bu sülh müqaviləsindən uzaqlaşdırmaq idi. Eyni zamanda bu, həmçinin Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılması anlamına gəlir. Prinsipal məsələ ondan ibarətdir ki, sülh müqaviləsi hansı ölkənin yaxud hansı platformanın nəzarəti altında həyata keçiriləcəksə, sülh müqaviləsinə salınan bəndlərin yerinə yetirilməsində iştirakçı dövlət həmin ölkə, təşkilat və ya həmin platforma olacaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əlimusa İbrahimov deyib.

Siyasi şərhçi qeyd edib ki, sülh müqaviləsinin Rusiyada imzalanması məhz Rusiyaya Azərbaycan və Ermənistana təsir etmək gücü verir.

“Eyni zamanda Rusiyanın Cənubi Qafqazda qalma müddətini, nüfuzunu artırmış olur. Məhz buna görə Aİ, ABŞ sülh müqaviləsinin Rusiyada və ya Rusiyanın nəzarəti altında imzalanmasına qarşıdır. Həmçinin Ermənistanı da buna məcbur edirlər ki, Ermənistan Rusiyanın vasitəçiliyindən, sülh müqaviləsinin Rusiya ərazisində imzalanmasından boyun qaçırsın. Gördüyümüz də budur, Ermənistan yalnız onların dediyini həyata keçirir. Sülh müqaviləsinin Vaşinqton-Brüssel platformasında imzalanması da bu baxımdan prinsipal məsələ səciyyəsi daşıyır. Əgər ABŞ-də sülh müqaviləsi imzalanacaqsa deməli, sülh müqaviləsinə daxil olan maddənin həyata keçirilməsi, pozulmasının qarşısını almaq üçün ABŞ vasitəçi dövlət kimi çıxış edəcək. Bu da ABŞ-yə Cənubi Qafqaza girmək və Rusiyanın buradan daha da uzaqlaşdırmaq imkanı verəcək”.

Ə. İbrahimov sonda vurğulayıb ki, sülh müqaviləsinin Vaşinqton-Brüssel nəzarəti altında imzalanması onlara imkan verəcək ki, Ermənistanla bağlı istəklərini həyata keçirsinlər.

“Gələcəkdə bu sülh müqaviləsinin maddələrinin və şərtlərinin həyata keçirilməsinə nəzarət mexanizmi onların əlində olsun. Düşünürəm ki, sülh müqaviləsinin bu və digər dövlətdə imzalanmasında əsas məsələ elə budur. Buna görə də bu üç böyük platforma bir-birilə sülh müqaviləsinin imzalanması uğrunda mübarizə aparır. Azərbaycan bu vəziyyəti dərindən başa düşdüyü üçün Ermənistan-Rusiya platformasımdan imtina edir. Həmçinin Azərbaycan ABŞ-ın Ermənistan və Azərbaycanla bağlı tutduğu mövqeyi əsas götürərək ABŞ-nin nəzarəti altında sülh müqaviləsinin imzalanmasında həvəsli görünmür. Brüssel platforması da məhz Makronun ona qarışdıqdan sonra öz əhəmiyyətini Azərbaycan üçün itirmişdir.

Azərbaycan Fransanın diqtəsi altında və Ermənistanın mənafeyinə xidmət edən sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və buna heç bir zaman getməyəcək. Bu üç platformanın hər biri 2024-cü ildə əsas olmayacaq. Yerdə isə iki dövlətin vasitəçilərsiz, tərəfsiz danışıqlara getməsi sülh müqaviləsini imzalanması qalır. Hesab edirəm ki, əgər sülh müqaviləsi imzalanacaqsa sadaladığımız platformaların deyil, məhz Azərbaycan-Ermənistanın birbaşa danışıqları nəticəsində həyata keçiriləcək”.

Rəfiqə NAMAZƏLİYEVA