Azərbaycanlı ekspertin İrandakı seçkilərlə bağlı təhlili xarici mediada

Politoloq Ceyhun Əhmədlinin İranda keçiriləcək seçkilərlə bağlı təhlili “Geopolitical Monitor” jurnalında dərc olunub.

Məqalədə vurğulanır ki, İsrail-Həmas müharibəsinin gərgin fazada davam etdiyi bir şəraitdə İranın daxili siyasəti seçki gündəmi ilə çalxalanmaqdadır. 1 mart 2024-cü il tarixinə təyin olunmuş seçkilərdə həm sayca 12-ci dönəm parlamentin, həm də Ali Dini Lider təyinatını həyata keçirməkdən məsul olan Ekspertlər Şurasının yeni tərkibi müəyyənləşəcəkdir. Müəllifin sözlərinə görə, rejimin əsas hədəfi qarşıdan gələn parlament seçkilərində yüksək seçici fəallığına nail olmaqdır. Xatırladaq ki, 2020-ci ilin parlament seçkilərində qeydə alınan 42 faizlik seçici fəallığı 1979-cu il İslam inqilabından bəri ən aşağı göstərici hesab olunur. Qanunverici orqanın legitimliyini şübhə altına salan bu göstəricinin ölkədə sosial-iqtisadi böhranın dərinləşməsi və rejimin dissidentlərə qarşı (o cümlədən etirazçı kütləyə) artan təqibləri fonunda daha da aşağı enə biləcəyi ehtimal edilir.

Ceyhun Əhmədlinin fikrincə, həm parlamentdə, həm də hökumətdə dominant mövqeyə sahib olan və əvvəlki seçkilərdə rejimin də dəstəyini arxasına alaraq təkbaşına hakimiyyət formalaşdırmış ultra-konservativ Paydari partiyası (Front of Islamic Revolution Stability) qarşıdan gələn seçkilərdə mühafizəkar qanadın ən güclü bəndi hesab edilir.

Politoloqun qənaətinə görə, qarşıdan gələn seçkilər teokratik hakimiyyətin mövcudluğunun davam etməsi baxımından növbəti sınaq mahiyyəti daşıyır. Siyasi kluarlarda dolaşan məlumatlara əsasən, 85 yaşlı Ali Dini Lider Seyid Əli Xamenei səhhətində yaşadığı problemlərdən dolayı tutduğu postu ən qısa zamanda varislərindən birinə ötürməyi planlaşdırır. Yeni dini liderin təyinatını həyata keçirəcək Ekspertlər Şurasının üzvləri isə 1 mart 2024-cü il tarixində baş tutacaq seçkilərin nəticəsində müəyyən olunacağına görə Xamenei ilk növbədə sözügedən qurumun tərkibinin ultra-konservativ düşərgəyə mənsub şəxslərdən təşkil olunmasına diqqət yetirəcəkdir.

Məqaləyə keçid: https://www.geopoliticalmonitor.com/fair-or-fake-iran-readies-for-key-elections-in-2024/