Ermənistanın təklifi səmimiyyətə yox, sonrakı təxribatlar üçün yol xəritəsi hazırlamağa əsaslanır - Ekspert

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan Azərbaycanı silahlara qarşılıqlı nəzarəti nəzərdə tutan saziş imzalamağa dəvət edir. Onun Azərbaycanın irəli sürdüyü şərtlərə qarşılıq bu fikirlə çıxış etdiyi qeyd edilir.

“Ermənistan Baş nazirinin bu fikirləri söyləməsi heç bir reallığı əks etdirmir və etdirə də bilməz. Belə ki, Fransadan, Hindistandan silah alan bir ölkə və eləcə də VOMA terror təşkilatı tərəfindən təlimlərin keçirilməsinə göz yuman bir ölkənin, yəni Ermənistanın fikirləri yalnız və yalnız öz şəxsi ambisiyalarına hesablanıb. Bu təklifin Qərb tərəfindən gəlməsinə də heç şübhə yoxdur. Əsas məsələ Azərbaycanın silahlı qüvvələrinin dəqiq gücünü müəyyən etməkdir. Bu da qəbuledilən deyil. Ermənistanı idarə edən Qərb bu siyasəti illər öncə keçmiş SSRİ ilə də sınaqdan çıxarmışdır və nəticəsi göz qabağındadır”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Amid Əliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu gün bütün bölgəyə və bu bölgədə baş verən siyasi, iqtisadi, hərbi və sosial proseslərə hakimdir.

“Azərbaycan ordusunun hazırki mövqeləri buna tam şəkildə əsas verir. Ermənistan ciddi cəhdlə çalışır ki, silahların qarşılıqlı azaldılmasına, güzgü prinsipi ilə qoşunların geri çəkilməsinə və Azərbaycan tərəfindən nəzarət edilən mövqelərin qaytarılmasına nail olsun. Bu həm yolverilməz, həm də qəbul edilə bilən təklif deyil. Bir şərtlə bu məsələ öz həllini tapa bilər ki, Ermənistanın ərazisindən mülki missiya çıxarılsın, silahlanma dayandırılsın, sülh sazişi imzalansın, sərhədlər və anklavlar məsələsi həll olunsun. İndiki məqamda Ermənistanın bu təklifi reallığa və səmimiyyətə yox, sonrakı təxribatlar üçün yol xəritəsi hazırlamağa əsaslanır”.

Rəfiqə NAMAZƏLİYEVA