- Müşahidə məntəqəsi
- 17 Yanvar 2024 18:29
- 6 203
Ermənistan hakimiyyətində lazımi siyasi iradə yoxdur - EKSPERT
“Məlumdur ki, Azərbaycanın xarici siyasət kursunda Ermənistanla sülh müqaviləsinin regional əməkdaşlıq mühitinin təmin olunması əsas prioritetdir. Bunun üçün Rəsmi Bakı bütün hərbi və diplomatik lazımi addımları atır. Təsadüfi deyil ki, bir vaxtlar Qarabağ Ermənistandır deyən Ermənistan baş naziri Nikol Paşinyan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Məlumdur İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə keçirilən bir günlük anti-terror tədbirlərindən sonra sülh üçün daha yaxşı imkan yaranıb. Sülh indi daha yaxındır. Bu da məhz Azərbaycanın səylərinin nəticəsidir.”
Bunu AzNews.az-a açıqlamasında siyasi ekspert Kənan Novruzov deyib.
O qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, o cümlədən prezident Xaçaturyan və digərləri öz bəyanatlarında sülhlə bağlı loyal, konstruktiv ifadələr səsləndirirlər.
“Bununla belə artıq deyilənləri əməldə təsdiqləmək lazımdır. Təəssüf ki, bunun üçün Ermənistan hakimiyyətində lazımi siyasi iradə yoxdur. Ermənistan bu gün daha çox üçüncü gücləri həmçinin Fransanın, ABŞ-nin, Rusiyanın, Hindistanın təhrikləri və təzyiqləri ilə addım atır. Bu da Ermənistanın regional xarici siyasətinə təbii ki, mənfi təsir göstərir. Bu gün sülh müqaviləsi bizdən daha çox Ermənistana lazımdır. Bizim daha problemimiz yoxdur. 30 il sülhsüz yaşamışıqsa, bundan sonra da yaşayarıq. Ancaq Ermənistan üçün çətin olacaq. Ermənistanın üzərinə sanki hər tərəfdən “şığıyırlar”. Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamaqla həm də Türkiyə ilə münasibətlərin normallaşdırmasına nail ola bilər. Bu da Ermənistan üçün yeni üfüqlər, yeni imkanlar açacaq. Ermənistan regional əməkdaşlıq mühitindən faydalana biləcək. Eyni zamanda Ermənistan üçün təhlükəsizlik təminatı yaranacaq. İndiki halda Ermənistanın Suriyaya çevrilməsi an məsələsidir. Hazırda Ermənistan Rusiya ilə Qərb arasında diplomatik qarşıdurma meydanına çevrilib. Birazdan hərbi poliqona da çevrilə bilər. Paşinyan bütün bunları nəzərə almalıdır. Çünki artıq vaxt Ermənistanın əleyhinə işləyir”.
Rəfiqə NAMAZƏLİYEVA