Sülhdən danışan Ermənistan sürətli şəkildə müharibəyə hazırlaşır - Turab Rzayev

“Əslində bu addım gözlənilirdi. Çünki bundan əvvəl dəfələrlə Ermənistan tərəfi bildirmişdi ki, artıq o silahlar onlara lazım deyil və pulu geri istəyirlər. Rusiya tərəfi isə o silahları Ukrayna müharibəsində istifadə etmişdi. Ona görə Rusiya tərəfi də cavab vermişdi ki, onlar müqaviləyə sadiqdirlər və həmin silahlar göndəriləcək. Ona görə də təsadüfi deyil ki, o silahlar Ermənistan tərəfinə göndərildi. Burada çox təəccüblü bir şey yoxdur. Ümumiyyətlə, Ermənistan Rusiyadan alacağı həmin vəsaiti də silahlanmaya sərf edəcəkdi. Ancaq indi həmin vəsait qayıtmadı. Əvəzində Ermənistan həmin silahları əldə etdi. Bundan başqa, Ermənistan Fransadan xeyli silah-sursat alıb. Dünya ölkələrindən də xeyli silah-sursat əldə edib. Burada ortaya bir sual çıxır, Ermənistan nəyə görə bu qədər sürətli şəkildə silahlanır? Silahların tərkibinə baxdıqda da bəlli olur ki, Ermənistan daha çox radioelektron mübarizə, artilleriya, reaktiv yaylım atəş sistemləri və piyada döyüş maşınları alır. Hansı ki bu sahələrdə 44 günlük müharibədə Azərbaycan Ordusunun qarşısında Ermənistanın zəifliyi hiss olunurdu. Ermənistan məhz bu sahələrdə Azərbaycan Ordusundan texnoloji olaraq geridə idi və hazırda bu sahələri möhkəmlətmək istəyir.”

Bunu AzNews.az-a açıqlamasında siyasi ekspert Turab Rzayev deyib.

O bildirib ki, bir tərəfdən sülhdən danışan, yaxında sülh müqaviləsinin imzalanacağını bildirən Ermənistan digər tərəfdən özü də sürətli şəkildə müharibəyə hazırlaşır.

“Əslində müharibənin Azərbaycana qarşı deyil, Rusiyaya qarşı olması ilə bağlı versiyada var. Gözlənilir ki, Azərbaycanla sülh müqaviləsindən sonra rəsmi İrəvan rus ordusunun Ermənistandan çıxmasını tələb etsin.

Belə olduğu təqdirdə Rusiyanın müdaxilə etmək imkanları mövcuddur. Rusiya belə olacağı təqdirdə öz hərbi bazasındakı hərbçilərdən istifadə edə bilər. Yaxud da hansısa şəkildə ölkədə çevriliş yarada bilər. Ancaq mən düşünürəm ki, Ermənistan radioaktiv mübarizə sistemləri, artilleriya sistemləri və digərləri Rusiya hərbi bazasında olan əsgərlərinin və ya ölkədaxili silahlı Qarabağ klanı üzvlərinin hər hansı bir üsyan ehtimalı olarsa, aradakı texnoloji zəifliyi aradan götürmək üçün sifariş verir”, - deyə o əlavə edib.

Rəfiqə NAMAZƏLİYEVA