Pozucu qüvvələr Aİ ilə Azərbaycan arasında qurulan tərəfdaşlığı pozmağa çalışır - Ekspert

“Avropa Ittifaqı ilə Azərbaycan arasında münasibətlər xüsusi önəm daşıyır. Aİ ilə Azərbaycan arasında imzalanması planlaşdırılan hərtərəfli saziş digər Şərq tərəfdaşlığı ölkələri ilə imzalansa da, Azərbaycanla bu məsələ gündəlikdə duran əsas məsələ olaraq qalır. Fərz edirəm ki, burada əksər məsələlər razılaşdırılıb, Azərbaycanla Aİ arasında enerji ticari və digər sahələrdə çox uğurlu tərəfdaşlıq mövcuddur. Lakin hamımıza məlumdur ki, Aİ daxilində bu uğurlu tərəfdaşlığı pozmaq istəyən qüvvələr var. Onlar Avropa Parlamentində təmsil olunan deputatlardır. Aİ ilə Azərbaycan arasında yaranan son gərginlikdə onların böyük fəallığının şahidi olduq. Bu pozucu qüvvələr Aİ ilə Azərbaycan arasında sağlam təməllər üzərində qurulan tərəfdaşlığı pozmağa çalışır. Onların əsas tələbləri insan hüquqları məsələsi və Qarabağda yaşayan ermənilərin hüquqları məsələsidir ki, bunu tez-tez gündəmə gətirirlər. Məhz bu səbəbdən Avropa Komissiyası seçkiləri gözləməyə qərar verib. Onlar gözləyirlər ki, seçkilərdən sonra Aİ ilə Azərbaycan arasında müəyyən məsələlərə yenidən baxıla bilər və bu saziş imzalanacaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi qeyd edib ki, lakin bir tərəfdən də Avropadan ölkəmizə qarşı son günlər artan qərəzli bəyanatlar və hücumlar, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması ilə bağlı alınan qərar, AŞPA məruzəçisinin Qarabağdakı son vəziyyətlə bağlı qeyri-obyektiv hesabatı bu münasibətlərin düzəlməsinə ciddi maneələr yaradır.

“Biz Avropa təşkilatlarından Azərbaycanın milli məsələləri ilə bağlı obyektiv mövqe gözləyirik. Seçkilərə qaldıqda isə onlar yəqin ki, sosial media və mətbuatdan da izləyəndə görürlər ki, Azərbaycan höküməti seçkilərin seçicilərin böyük fəallığı, yüksək səviyyədə keçməsi üçün bütün şəraiti yaradır. Eyni zamanda seçicilərin anonimliyi, kimə səs verəcəyi ilə bağlı bütün hüquqlar qorunur. Hesab edirəm ki, insan hüquqları, seçki və digər siyasi məsələlər Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmlənməsi qarşısında ciddi bir sədd olmamalıdır. Azərbaycan hökuməti bu istiqamətdə yetərincə siyasi iradə nümayiş etdirir. Əsas məsələ indi Aİ daxilində yaranan ikitirəlikdir ki, bunun üçün də sözügedən qurumun yetkililəri özündə cəsarət tapıb bu məsələləri aradan qaldırmalıdır. Hər dövlətin öz milli ideyaları vardır və onunla hesablaşmaq lazımdır”.

Rəfiqə NAMAZƏLİYEVA