Hulusi Akar Bakıya niyə gəldi?

“Türkiyə olaraq biz dünən də, bu gün də Azərbaycanın yanındayıq və onun haqlı mübarizəsini dəstəkləyirik. Bu dəstəyi sonadək davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın" deyən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Bakı səfəri xüsusi mesajlarla yadda qaldı. Türkiyəli nazir yalnız açıqlamaları ilə deyil, fəaliyyətiylə də hər zaman ölkəmizin yanında dayanıb. Elə bu səbəbdəndir ki, xalq olaraq Hulusi Akara münasibətdə böyük rəğbət hissi var. Təxribatçı güclərə "İki dövlət, bir millət" deyimini tez-tez xatırladan Akar ölkəmizə səfər üçün də təsadüfi vaxt seçməyib. Cənubi Qafqazda yeni siyasi düzən formalaşır, qüvvələr balansı kökündən dəyişir. Amerika və Fransanın region uğrunda mübarizəsi fiaskoya uğradı. Erməni kartı suya düşdü. İranın davam edən təhdid ritorikası bölgədə türk qüdrətinin formalaşmasına mane ola bilmədi. Bu səfərlər Ermənistan üzərindən bölgədə çirkin maraqları həyata keçirməyə çalışan qüvvələrə qarşı həm də gövdə göstərişidi. İsraillə Azərbaycan arasında gələcək illərdə də hərbi-texniki əməkdaşlığın genişlənləndirilməsi qərarının ardınca Hulusi Akarın da Azərbaycanda iki ölkə arasında hərbi əməkdaşlıq mövzularını müzakirə etməsi dediklərimizi təsdiq edir. Akarın Bakıya gəlişi Ermənistanla sülh danışıqlarının aparıldığı, sərhəd müəyyənləşməsi ilə bağlı komissiya görüşlərinin keçirildiyi vaxta təsadüf edir. İrəvan anlamalıdır ki, Bakı ilə dialoq Ankara ilə də münasibətlərin tənzimlənməsinə paralel aparılacaq. Bu istiqamətdə Türkiyə bütün imkanları ilə qardaş ölkənin maraqlarını müdafiə edir və edəcək.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi