Siyasi şərhçi: "Ermənistan iqtidarının vəziyyəti çox çətindir"

Ermənistanda ordu günü ilə bağlı çıxış və təbrik məktublarında revanşist mesajlar verilib. Hətta hakimiyyət nümayəndlərinin təbrik bəyanatlarında da bu nəzərə çarpır. Ermənistan müxalifəti, qismən də iqtidarı yenidən “qalib ordu” olmaqdan danışır.

“Ermənistanda zaman-zaman belə bəyanatlarlar səsləndirilir. Hər şeydən əvvəl bunu bilmək lazımdır. İqtidar və müxalifət nə istəyir? Aydın məsələdir ki, müxalifət revanşist meyillidir və revanşa cəhd eliyəcək. Müxalifətin, xüsusilə radikal kəsimi üçün Qarabağ məsələsi hələ bitməyib. O ki qaldı iqtidara, bir növ xalqı sakitləşdirmək istəyir. Çünki həqiqətən də bu gün Ermənistan iqtidarının vəziyyəti çox çətindir. Ermənistan iqtidarının taleyi bir növ, belə desək, tükdən asılıdır. Ona görə Paşinyan, hakimiyyət və şəxsi təhlükəsizliyi naminə hətta suyu da üfürə-üfürə içir. Ayrıca belə bəyanatlar verməklə xalqı sakitləşdirməyə, ictimai şüura təsir etməyə çalışır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

O qeyd edib ki, bunun hansısa formada yeni müharibəyə hazırlıq deyil.

“Sadəcə olaraq bu müxalifətin və narazı kəsimin əlinə “kozır” verməməkdən ötrüdür. Düşünürəm ki, yavaş-yavaş sülh gündəmə gəlir və proses normallaşmaya doğru gedir. Ancaq bundan sonra Paşinyan başa düşür ki, növbəti müharibə çox çətin olar. Paşinyana bu baha başa gələ bilər, buna görə də mümkün qədər çəkinməyə çalışır”.

Rəfiqə NAMAZƏLİYEVA